DÜNYA
Laşa Darsaliya: Gürcüstan sülh dialoqu üçün öz platformasını təklif edir
Tbilisi, 4 mart, AZƏRTAC
Tbilisi Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişaf etdirilməsində maraqlıdır və danışıqlar üçün öz platformasını təklif edir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada keçirilən Diplomatik Forumda deyib. Onun sözlərinə görə, Tbilisi üçün regionda sülh vacibdir. O ümid edir ki, İrəvan və Bakı razılığa gələcək və bundan hər iki tərəf faydalanacaq.
Darsaliya qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycan arasında ikitərəfli danışıqlarda mövcud olan müəyyən çətinlikləri görür, başa düşür və nəzərə alır. Bu məqsədlə Tbilisi əvvəllər də dinc qonşuluq təşəbbüsü ilə çıxış edib və danışıqlar aparılması baxımından hər iki ölkəyə dəstək təklif edib.
“Biz - Cənubi Qafqazın üç ölkəsi arenamıza kənar oyunçuları buraxmaq əvəzinə, əməkdaşlığı davam etdirməliyik”, - deyən Darsaliya vurğulayıb ki, regionda sülhə alternativ yoxdur, bu səbəbdən Tbilisi danışıqları və Cənubi Qafqazda sabitliyin bərqərar olmasını dəstəkləyir.
Gürcüstan xarici işlər nazirinin müavini, həmçinin xatırladıb ki, Tbilisi Ankara və Bakı ilə ənənəvi strateji əlaqələrin inkişafında maraqlıdır: “Bir neçə ay əvvəl biz Ermənistanla münasibətlərimizi yenilədik, onları strateji tərəfdaşlıq səviyyəsinə qaldırdıq. İnanırıq ki, bu, regionda əməkdaşlıq prosesinə böyük töhfə verəcək”.
Nazir müavini regionda həyata keçirilən kommunikasiya layihələrinə də toxunub, regionun imkanlarını, eləcə də Orta Dəhlizin inkişaf perspektivlərini diqqətə çatdırıb.
Xatırladaq ki, Gürcüstan İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi üçün dəfələrlə platforma təklif edib. Xüsusən Tbilisi qonşuluğun sülh təşəbbüsü üçün platforma yaratmaq ideyası ilə çıxış edib ki, bu platforma çərçivəsində üç ölkə arasında mədəni, iqtisadi və digər xarakterli məsələləri həll etmək mümkün olacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi