Lavrov: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Asiya və Avropa dövlətlərinin maraqlarına cavab verir
Bakı, 28 dekabr, AZƏRTAC
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Asiya və Avropa dövlətlərinin maraqlarına cavab verir. Bu dəhliz ticarətin genişlənməsinə və iqtisadi əlaqələrin artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın xarici işlər naziri Subraniam Caişankar ilə Moskvada keçirdiyi görüşdə deyib.
Nəzərə çatdırılıb ki, dəhlizin dəmir yolu seqmentinin Rəşt-Astara hissəsində işlər davam edir. Rəşt-Astara dəmir yolu xətti 162 kilometrdən ibarətdir və rusiyalı mütəxəssislərin iştirakı ilə tikilib başa çatdırılacaq.
Qeyd olunub ki, Asiya ilə Avropa arasında yükdaşımalar Süveyş kanalı vasitəsi ilə həyata keçirilir ki, bu da 14 min kilometrlik məsafədir. Lakin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistanın Mumbai limanı ilə Şimali Avropanı birləşdirir və 7 min 200 kilometrdir. Bundan başqa, yüklər dəhlizlə daşınanda vaxta 40 faiz, nəqliyyat xərcinə isə 30 faiz qənaət olunur.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Cənub Şərqi Asiya və Fars körfəzi ölkələrini Avropa ilə nəqliyyat baxımından birləşdirən layihədir. Hindistan və Cənub Şərqi Asiya ölkələrindən ixrac olunan yüklər regionun ən böyük yük aşırımı imkanına malik Mumbai limanına daxil olur, buradan İranın Çabahar limanına daşınır. İrandan isə yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya çatdırılır.
Avropa və Rusiyadan Fars körfəzi ölkələrinə nəql olunan yüklər isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə körfəzdəki Bəndər-Abbas limanına çatdırılır və körfəz ölkələrinə nəql olunur. İran və Azərbaycan bu layihədə tranzit ölkə qismində iştirak edirlər.