Lənkəran Melioservis İdarəsi tərəfindən əkin sahələrinin səmərəli suvarılmasına şərait yaradılır VİDEO
Lənkəran, 1 sentyabr, AZƏRTAC
Kənd təsərrüfatı sahələrinin inkişafı üçün ən vacib şərtlərdən biri meliorasiya tədbirlərinin səmərəli təşkil olunmasıdır. Lənkəran Melioservis İdarəsi də lildən təmizlənmə və təmir işlərini həyata keçirməklə Lənkəran və Astara rayonlarındakı təsərrüfat sahələrinin səmərəli suvarılmasına şərait yaradır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Melioservis İdarəsi 1948-ci ildən fəaliyyət göstərir. Əkin sahələrini suvarma suyu ilə vaxtında təmin etmək üçün tələb olunan bütün tədbirlər idarə tərəfindən böyük diqqət və məsuliyyətlə həyata keçirilir. Lənkəran Melioservis İdarəsinin əsas fəaliyyəti Astara və Lənkəranda magistral, təsərrüfatlararası və təsərrüfatdaxili suvarma və kollektor-drenaj sistemlərinin, çay məcralarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri və yenidən qurulmasından ibarətdir.
İdarə tərəfindən uzun illərdir görülən işlər nəticəsində sahələrdən bol məhsul götürülüb. Çəltikçilik, taxılçılıq və tərəvəzçilik meliorativ tədbirlərin sayəsində yüksək səviyyədə inkişaf edib.
Lənkəran Melioservis İdarəsi, həmçinin çaylarda sel və daşqınlara qarşı mübarizə tədbirləri həyata keçirir, dağ çaylarının məcralarının dəyişdirilməsi işlərini icra edir. Bu istiqamətdə ötən illərdə Pensərçayda 500 metr uzunluğunda sahil-bərkitmə işləri aparılıb.
Meliorasiya və su təsərrüfatı sahəsində istehsalat texniki servis xidmətinin göstərilməsi ilə də məşğul olan qurum tərəfindən Astara Suvarma Sistemləri İdarəsinin müqaviləsi əsasında 3 kilometr uzunluğunda sugətirici kanal əsaslı təmir olunub və suvarmaya tam yararlı hala salınıb. Gələcəkdə çətin relyeflərdən keçən su kanallarının da əsaslı təmiri nəzərdə tutulub.