Lənkəranda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib
Lənkəran, 20 yanvar, İlkin Adıyev, AZƏRTAC
20 Yanvar faciəsinin 34-cü ildönümü Lənkəranda da dərin hüznlə yad edilib. Səhər saatlarından başlayaraq rayon sakinləri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanına gələrək, 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, ictimai birliklərin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri Şəhidlər Abidə Kompleksini ziyarət edib, abidə önünə və şəhid məzarlarının üzərinə tər güllər düzüblər.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi, Lənkəran rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı milli azadlıq uğrunda mübarizədə 11 lənkəranlı şəhid olub. Onlardan 5-i Bakıda, 6-sı Lənkəran rayonunun Haftoni qəsəbəsində sovet ordusunun birləşmələri tərəfindən qətlə yetirilib.