Lənkəranda əkin sahələrinin suvarılmasına hazırlıq işləri görülür
Lənkəran, 9 fevral, Bağır Əliyev, AZƏRTAC
Ötən ilin suvarma mövsümünü uğurla başa vuran Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin kollektivi əkin sahələrinin suvarılmasına hazırlıq işlərinə başlayıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, builki suvarma mövsümünü itkisiz başa vurmaq məqsədilə ölkəmizin cənub bölgəsində ən böyük sututarı olan Xanbulan Su Anbarına 37 milyon kubmetr su toplanıb. Suvarma mövsümü başlanana qədər anbarın tam doldurulması nəzərdə tutulub.
Bildirilib ki, Lənkəran rayonunun digər su mənbəyi olan sututarlarda isə təmir işləri görülür, Lənkəran və sağ sahil magistral kanalı boyunca təmizlənmə işləri aparılır.
Xanbulan Su Anbarında, Lənkəran və Bəşəru suqəbuledici qurğularında elektrik və mexaniki avadanlıqlarda təmir işləri görülür.
Hazırda idarənin kollektivi sahədaxili kanallarda su itkisinin qarşısını almaq, təsərrüfatlararası və təsərrüfatlardaxili kanallarda təmizləmə işlərini davam etdirirlər.