LƏNKƏRANDA MİLLİ MƏCLİSİN DEPUTATLARI İLƏ GƏNCLƏRİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində Milli Məclisin bir qrup deputatı ilə gənclərin görüşü keçirilmişdir.
Tədbir iştirakçıları şəhərin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsinin önünə gül dəstələri düzmüş, böyük öndərin xatirəsini ehtiramla yad etmişlər.
Lənkəran Dövlət Universitetinin, Lənkəran Ali Humanitar Kollecinin, Lənkəran Tibb Məktəbinin və rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirdə şəhər icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək ölkəmizdə gənclər siyasəti istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışmış, ümummilli liderimizin gənclərə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Toplantıda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradovun «Müasir Azərbaycan gəncliyi, gənclərin cəmiyyətdəki rolu, onlarda liderlik keyfiyyətlərinin aşılanması və qarşıda duran vəzifələr», Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəblinin «Gənclərin sosial problemlərinin həlli Azərbaycan dövlətinin ən ümdə vəzifələrindən biridir», Milli Məclisin deputatı Əkrəm Abdullayevin «Ölkəmizdə uğurla aparılan sosial islahatlarda gənc nəslin rolu», Milli Məclisin deputatı Rüfət Quliyevin «Gənclər yeniləşmiş Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi və gələcək inkişafının fəal təminatçılarıdır» mövzularında məruzələri dinlənilmişdir.
Görüşdə çıxış edən gənclərin nümayəndələri rayonun ictimi-siyayasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirak etdiklərini diqqətə çatdırmış, bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildirmişlər.
Tədbirin sonunda Milli Məclisin deputatları gəncləri maraqlandıran sualları cavablandırmışlar.