Lənkəranda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
Lənkəran, 26 fevral, Bağır Əliyev, AZƏRTAC
Fevralın 26-da Lənkəran şəhərində, azərbaycanlıların soyqırımı qurbanlarının xatirə parkındakı “Ana heykəli” qarşısında Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və ictimaiyyətin nümayəndələri abidə önünə gül dəstələri düzərək, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, Heydər Əliyev Mərkəzində anım tədbirləri, Lənkəran Dövlət Universitetində, orta ixtisas və ümumtəhsil məktəblərində bu qanlı faciəyə həsr olunmuş dərslər keçirilib, mədəniyyət müəssisələrində foto, rəsm və kitab sərgiləri təşkil olunub.