Lerikdə şəhid Amid Heydərovun doğum günü qeyd olunub
Lerik, 24 may, Bağır Əliyev, AZƏRTAC
Lerikdə Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, şəhid Amid Heydərovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib. Anım mərasimində şəhidin doğmaları, döyüş dostları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə igid döyüşçünün məzarı önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Qəhrəman döyüşçünün anadan olmasının 33-cü ildönümü münasibətilə keçirilən anım tədbirində igid zabitin qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Anım tədbirində qeyd edilib ki, Amid Heydərov Aprel döyüşlərində Lələtəpəyə çıxan ilk tankçı olub. Vətən müharibəsində hücum əmri verilən kimi tankı ilə birgə düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçülərimizdən biri də Amid idi. Zabit dostlarının dediyi kimi, o, əsgərlərinin önündə durub “Arxamca, irəli!” deyən komandir olub.
Diqqətə çatdırılıb ki, Amid Heydərov Aprel döyüşlərindən sonra leytenant rütbəsindən bir başa kapitan rütbəsinə yüksəlmişdi, Vətən müharibəsindən 5 ay əvvəl isə mayor rütbəsi almışdı. Cəsur döyüşçü 32 yaşında hərbi hissə komandiri idi.
Mərasimdə məktəblilərin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib. İgid mayorun şərəfli ömür və hərb yolunun əks olunduğu fotoalbom atasına hədiyyə edilib.
Lerik Rayon Mədəniyyət Mərkəzində şəhid mayorun şərəfli ömür yolunu əks etdirən sərgi təşkil olunub. Şəxsi əşyaları, hərbi geyimlərinin nümayiş edildiyi sərgi indi hər kəsin üz tutduğu ünvandır.
“Təkcə tankçı olduğuma görə deyil, həm də Azərbaycanın igid oğlunun davamçısı kimi bu adı üzərimdə daşıdığıma görə fəxr edirəm.” Amid bu sözləri iki il əvvəl Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyini ziyarət edərkən “Xatirə kitabı”na yazmışdı. O, sərkərdəmiz kimi, general olmaq arzusuna çatmaq üçün hərb yolunu seçmişdi.
Qeyd edək ki, Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən mayor Amid Heydərov oktyabrın 3-də cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında, Böyük Zəfərimizdə payı olan Amid Heydərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.