Lətif Qasımov: Aqrar sahənin rəqəmsallaşdırılması və müasir suvarma sistemlərinin genişləndirilməsi məhsuldarlığı artıracaq VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunun əsas sahələrindən biridir. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı, tətbiq olunan güzəştlər, subsidiyalar və müasir texnoloji həllər ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunmasına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Hazırda fermerlərin rəqabətqabiliyyətli məhsul istehsalına dəstəklənməsi, aqrar sahədə səmərəliliyin artırılması və kəndlərin sosial-iqtisadi inkişafının yaxşılaşdırılması əsas hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərin zəngin aqrar potensialının iqtisadi dövriyyəyə cəlb olunması da Dövlət Proqramının uğurlu icrası ilə birbaşa bağlıdır”.
Şöbə müdiri iqlim dəyişmələrinin qlobal çağırışa çevrildiyi müasir dövrdə innovativ texnologiyaların tətbiqinin və aqrar istehsalda səmərəliliyin yüksəldilməsinin vacibliyini vurğulayıb.