DÜNYA
“LG Electronics” smartfon istehsalını dayandırır

Bakı, 5 aprel, AZƏRTAC
Cənubi Koreyanın “LG Electronics” kompaniyası zərərlə işləyən smartfon istehsalı bölməsini iyulun 31-dək bağlayacağını və daha perspektivli sahələrə diqqət ayıracağını elan edib.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, bu qərar artıq kompaniyanın direktorlar şurası tərəfindən qəbul olunub.
LG “həddən artıq rəqabətli bazardan” çıxmaq və diqqətini elektrik avtomobilləri üçün detalların, qoşulan cihazların, ağıllı ev texnologiyalarının, robot texnikasının, süni intellektin, həmçinin platforma və servislərin istehsalına cəmləmək barədə strateji qərar qəbul edib.
İstehsal olunan smartfonların satışı, həmçinin bu telefonları alanlar üçün servis dəstəyi və proqram təminatı müəyyən zamanadək davam edəcək.
“Dow Jones” agentliyi qeyd edir ki, 2015-ci ilin ikinci rübündən başlayaraq LG smartfonlarının istehsalı biznesi zərərlə işləyir. Bu müddət ərzində kompaniyanın operativ zərəri 4,4 milyard dollara çatıb.
Kompaniyadan verilən məlumata görə, smartfon istehsalının dayandırılması qısamüddətli perspektivdə gəlirlərin azalması ilə nəticələnə bilər. Lakin uzunvədəli perspektivdə maliyyə vəziyyətinin yaxşılaşması gözlənilir.
LG “Android” əməliyyat sistemini öz mobil qurğularında tətbiq edən ilk kompaniyalardan biri olub. Ötən il kompaniyanın satışlarının 8 faizi smartfon biznesinin payına düşüb.