LİTVA AZƏRBAYCANLA ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
Sonra S.Seyidov Azərbaycanın regiondakı mövqeyindən, üzləşdiyi problemlərdən danışmış, litvalı qonaqların səfərinin ölkəmiz üçün hüznlü günlərindən birinə - Xocalı soyqırmının 14-cü ildönümünə təsadüf etdiyini xatırlatmış, erməni faşistlərinin Xocalıda törətdikləri vəhşiliyin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı cinayət olduğunu bildirmişdir. O, Litva parlamentinin qondarma erməni soyqırımı ilə bağlı müzakirələr açmaq niyyətində olmasından narahatlığını bildirmiş, litvalı həmkarlarını bu məsələdə son dərəcə diqqətli olmağa, əsil həqiqəti öyrəndikdən sonra ona münasibət bildirməyə dəvət etmişdir.
Vytautas Zalys əlaqələrimizin tarixindən danışmış, son dövrlər bu əlaqələrin bir qədər zəiflədiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bunun əsas səbəbi Litvada Azərbaycanla bağlı məlumatların azlığıdır. Səfərdən əsas məqsəd Azərbaycanla bağlı daha çox məlumat toplamaq, təhlil etmək və əlaqələrimizi daha da genişləndirməkdir. Bu gün Azərbaycanın iqtisadi inkişafı, Avropaya inteqrasiyası Litvada diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Biz gördüklərimizdən də çox razıyıq. Amma bəzi məsələlərdə ətraflı, dolğun və düzgün məlumatın olmaması problemlər yaradır. Diplomat Litva Prezidentinin yaxın vaxtlarda Azərbaycana səfərinin planlaşdırıldığını və ölkəsinin Bakıda səfirliyinin açılacağını bildirmiş, bu addımların və qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak etmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.