SİYASƏT
Litva gimnaziyalarında uşaqlara Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasından danışırlar
Vilnüs, 16 iyun (AZƏRTAC). Litvada yaşayan azərbaycanlılar Ermənistanın cəbhə bölgəsində atəşkəsi pozmasını qəti şəkildə pisləyirlər. Bunu “Azeris” Litva Azərbaycanlıları Cəmiyyətinin Klaypeda şəhəri üzrə rəhbəri Əliağa Məmmədov AZƏRTAC-a müsahibəsində bildirmişdir.
Ə.Məmmədov qeyd etmişdir ki, Litvadakı azərbaycanlılar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələri diqqətlə izləyirlər.
Klaypedanın özündə çoxlu sayda azərbaycanlı ailəsi yaşayır. “Yerli əhali və digər milli azlıqların nümayəndələri ilə birgə biz də öz milli bayramlarımızı keçirir, şəhərin ictimai həyatında yaxından iştirak edirik, Klaypeda rəhbərliyi ilə daim qarşılıqlı anlaşma və ünsiyyət münasibətlərindəyik”- deyə diaspor nümayəndəsi bildirmişdir.
Azərbaycan və Litva arasındakı qarşılıqlı münasibətlərin inkişafında respublikamızın Litvadakı səfirliyinin də fəaliyyətini xüsusi qiymətləndirən Ə.Məmmədov iki ölkə arasında mədəniyyət, turizm, ticarət sahələrində əlaqələrin daha sıx inkişafının müşahidə olunduğunu da vurğulamışdır. Ə.Məmmədov demişdir: “Litvanın təhsil ocaqlarında da uşaqlara Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması faktı barədə məlumatlar verilir, yerli qəzetlər və telekanallarda informasiyalar buraxılır. Bu işdə ölkədə yaşayan Azərbaycan diasporunun rolu danılmazdır”.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs