London meri: Sərt Breksit London sakinlərinə, xüsusən gənclərə zərər verib
Bakı, 22 yanvar, AZƏRTAC
London meri Sadiq Xan hökuməti Avropa İttifaqı ilə “gənclərin hərəkətliliyi barədə saziş” imzalamağa çağırıb. Onun sözlərinə görə, bu sənəd gənc insanlara Avropa İttifaqı ərazisində sərbəst hərəkət etməyə və həmin dövlətlərdən Britaniyaya gəlməyə imkan verəcək.
AZƏRTAC xəbər verir ki, Britaniyanın “The Observer” qəzetində bazar günü dərc olunmuş müraciətdə Sadiq Xan gənclərin yenidən Avropa İttifaqı ərazisində sərbəst hərəkətinin zəruriliyini qeyd edir. O hesab edir ki, bu addım Breksitin vurduğu iqtisadi və sosial zərərləri yumşalda bilər. S.Xanın sözlərinə görə, ən azı Breksitdən sonra qüvvəyə minmiş və Avropa İttifaqı ölkələrinə səyahət etmək, orada işləmək imkanlarını məhdudlaşdıran viza qaydalarına dəyişikliklər edilməlidir.
"Birləşmiş Krallıq artıq Aİ-nin bir hissəsi deyil, lakin London Avropa şəhəridir və həmişə belə olacaq", -deyə mer vurğulayıb.
Böyük Britaniya vətəndaşlarının əksəriyyətinin Breksiti uğursuzluq kimi qiymətləndirdiyini göstərən son rəy sorğuları ilə qarşılaşan Sadiq Xan, ölkənin həmin blokdan çıxmasından paytaxtın xüsusilə ağır zərbə aldığını iddia edir.
Mer bildirib: "Hökumətin sərt Breksit siyasəti Londondakı hər kəsə zərər verdi və xüsusən də hökumət Erasmusdan imtina etdiyi üçün bir çox cəhətdən gənclər daha çox əziyyət çəkdi”.
Qəzetdə dərc olunan şərhlər Sadiq Xanın may ayında keçiriləcək London meri seçkilərində güclü avropapərəst kampaniya ilə üçüncü müddətə namizədliyini irəli sürməyi planlaşdırdığını göstərir.
Böyük Britaniyanın Avropa İttifaqından çıxması (Breksit) 2016-cı il iyunun 23-də keçirilən referendum nəticəsində baş verib, O vaxt seçicilərin 51,9 faizi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını dəstəkləyib. Əsas səbəblər arasında aşağıdakı amilləri qeyd etmək olar: Böyük Britaniya özü üçün qərar vermək istəyir; Aİ-də həddindən artıq bürokratiya var; Krallığa miqrant axını güclənir; Aİ xəzinəsinə həddindən artıq ödənişlər edilir.