Londonda 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib
London, 21 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi şəhidlərinin xatirəsi Böyük Britaniyada da anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının London şəhərindəki səfirliyinin binasında səfir və səfirliyin əməkdaşlarının iştirakı ilə anım mərasimi keçirilib. Sonra mərasim Azərbaycan icmasının çoxsaylı üzvlərinin iştirakı ilə virtual formatda davam etdirilib.
Virtual anım mərasimi 20 Yanvar şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və həmin hadisələrə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Tədbirdə səfir Elin Süleymanov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının sədri və Londonda fəaliyyət göstərən Azərbaycan Evinin rəhbəri Əli Təkin Atalar, britaniyalı jurnalist Neil Vatson, jurnalist Ş.Qureşi, azərbaycanlı gənc fəal tələbə Qasım Qurbanov və digərləri çıxış ediblər.
Çıxışlarda həmin hadisələrin Azərbaycan xalqının yaxın tarixinin ən şərəfli səhifələrindən, ölkəmizin müstəqilliyinin və suverenliyinin bərpasının başlanğıcı kimi xarakterizə edilib, şəhid olanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb. Sovet İttifaqının süqutunu sürətləndirən bu hadisələrin Azərbaycan xalqının özünüdərk və milli kimliyinin möhkəmlənməsində müstəsna rol oynadığı qeyd edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həmin dövrdə əsl cəsarət və liderlik nümunəsi nümayiş etdirərək, xalqımızın keşməkeşli vaxtında onun yanında olduğu xatırlanıb.
Səfir E.Süleymanov bu torpaqların bizə şəhidlərdən əmanət qaldığını və Qələbəmizi qorumaq üçün daim güclü olmağımızın, Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşməyimizin lazım olduğunu bildirib.
20 Yanvar hadisələrində ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatlarını qurban verən şəhidlərimizin mübarizəsi ilə 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşən şəhidlərimizin mübarizəsinin oxşar olduğuna diqqət çəkilib, işğal altındakı torpaqlarımızı azad edən oğullarımızın məhz 1990-cı ilin 20 Yanvar tarixində Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərdən nümunə götürdükləri bildirilib.
Anım mərasimi Birləşmiş Krallıqda yaşayan tarzən Rafiq Rüstəmovun ifası ilə yekunlaşıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London