Luis Galleqos: Su infrastrukturu hər kəs üçün əlçatan olmalıdır
Bakı, 20 may, AZƏRTAC
Hazırda dünyada 1,3 milyard əlilliyi olan şəxs yaşayır. Bununla yanaşı, yaşı 65-dən yuxarı insanların sayı 1 milyarda çatır. Proqnozlara görə, 2050-ci ilə qədər bu rəqəm 2 milyarda yüksələcək. Bu isə yalnız şəhərlərin deyil, bütövlükdə cəmiyyətin uyğunlaşmasını tələb edən ciddi demoqrafik dəyişiklikdir.
Yaşlanma prosesi və doğum səviyyəsinin azalması dünya iqtisadiyyatına, əmək bazarına və sosial strukturlara mühüm təsir göstərəcək. Buna görə də gələcək ehtiyacları nəzərə alan strateji yanaşmaların hazırlanması vacibdir. Bu baxımdan, su infrastrukturu və xidmətlərinin xüsusi ehtiyacları olan insanlar üçün əlçatan olması fundamental əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Məsləhət Şurasının sədri Luis Galleqos BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Su ilə Ağıllı Şəhərlər: Potensialın İnkişafı Vasitəsilə Şəhər Davamlılığının Gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bir çox şəhərlərdə su infrastrukturu hələ də əlilliyi olan şəxslərin və xüsusi ehtiyaclı insanların tələbləri nəzərə alınmadan layihələndirilir.
“Məsələn, əlil arabasından istifadə edən şəxslərin çata bilmədiyi krantlar, hərəkət məhdudiyyəti olan insanlar üçün əlçatmaz sanitariya məntəqələri, gözdən əlilliyi, eşitmə problemi və ya koqnitiv məhdudiyyətləri olan şəxsləri nəzərə almayan erkən xəbərdarlıq sistemləri mövcuddur. Eyni zamanda, su idarəetməsi proseslərində şəhər sakinlərinin və əlilliyi olan şəxslərin səsi çox vaxt nəzərə alınmır”, – deyə Luis Galleqos vurğulayıb.