Macarıstanın turizm sektoru inkişaf edir
Budapeşt, 19 fevral, AZƏRTAC
Macarıstanın turizm sektoru ötən il 2022-ci ilin statistik göstəricilərini geridə qoyub və 2019-cu ildə olan pandemiyadan öncəki rekord nəticələri də aşıb.
AZƏRTAC xəbər verir ki, bu barədə bazar ertəsi günü Macarıstanın Turizm Agentliyinin başçısı Zoltan Quller 2023-cü ilin yekunlarını qiymətləndirərkən deyib.
Agentliyin direktorunun sözlərinə görə, ötən il dunyanın müxtəlif ölkələrindən olan 16 milyon turist Macarıstanda 41 milyondan çox qonaqlama gecəsi keçirib. O əlavə edib: “2022-ci ildən bəri qonaqlama gecələrinin sayı 1,3 milyon artıb, bu artım hətta beynəlxalq münaqişələrin bu sahəyə mənfi təsirinin həmin rəqəmi 1 milyon azaltmasına baxmayaraq baş verib”.
Z.Quller qeyd edib ki, otellərin və ictimai iaşə müəssisələrinin gəlirlərində də inflyasiyanı qabaqlayan ikirəqəmli artım müşahidə olunub. Macarıstana səyahət edən əcnəbi turistlərin sayı 18 faiz - 7,1 milyon nəfər artıb. Onların Macarıstan paytaxtında keçirdikləri qonaqlama gecələrinin sayı isə 19 faiz - 11,7 milyon nəfər çoxdur.
Keçən il Macarıstanda turizm gəlirləri 23 faiz artaraq 860 milyard forint (indiki məzənnə ilə 2,38 milyard dollar), qida xidmətlərinin dövriyyəsi isə 18 faiz artaraq 1,78 trilyon forint təşkil edib. "Turizm sektorunun bu il də sürətli inkişafının davam edəcəyi gözlənilir", -deyə agentlik rəhbəri qeyd edib.
Turizm agentliyinin direktoru bildirib ki, bu il qonaqlama gecələrinin sayı 43 milyona çata bilər. 2030-cu ilə qədər Macarıstanın əsas turizm agentliyi 50 milyon qonaqlama gecəsi üçün hər il 20 milyon turisti qəbul etməyi planlaşdırır, turizm sektorunun ümumi daxili məhsula töhfəsi isə ən azı 16 faizə çatacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt