Macarlar da azərbaycanlılar kimi ikili standartlardan yorulublar
Budapeşt, 26 yanvar, AZƏRTAC
Regional təhlükəsizlik məsələləri üzrə ekspert, macarıstanlı politoloq Attila Hargitai AZƏRTAC-ın müxbiri ilə söhbətində Avropa təsisatlarının öz müstəqil siyasətindən imtina etmək istəməyən və Fransa, AFR kimi iri dövlətlərin hegemonluğunu qəbul etməyən ölkələrə münasibətilə bağlı fikirlərini bölüşüb. Respondent onların Macarıstan və Azərbaycan kimi ölkələrə yanaşma tərzini ikiüzlülük və riyakarlıq kimi qiymətləndirib.
Onun sözlərinə görə, AŞPA-da Azərbaycan nümayəndə heyətinin Azərbaycan dövlətinə qərəzli münasibət səbəbindən bu təşkilatla qarşılıqlı fəaliyyəti dayandırmaq qərarı öz çiyinlərində iri dövlətlərin təzyiq yükünü hiss edən, amma bunu etiraf etmək üçün özündə güc və cəsarət tapmayan bir çox Avropa ölkələrinin gizli rəğbətinə səbəb olub.
Ekspert deyib: “Sizin dövlətiniz isə Brüsseldə və Strasburqa hökm sürən ikili standartlar, islamofobiya və irqçilik barədə cəsarətlə bəyanat verməyə, qapını çırparaq getməkdən qorxmadı və bu, həmin təşkilatların kölgədə qalan bir çox sahiblərinin sifətinə vurulan şilləyə bənzədi. İndi onlar bunu həzm edə bilmirlər. Cavab vermək üçün əllərindən gələn isə sərt bəyanatlar vermək, yeni qətnamələr qəbul etmək və ola bilər ki, ciddi qəbul edilməyən hansısa mənasız sanksiyalar tətbiq etməkdir. Başqalarının da sizin nümayəndələrdən nümunə götürməsini çox arzulayıram”.
Attila Hargitai onun vətəndaşı olduğu dövlətin və Viktor Orbanın başçılıq etdiyi hökumətin də “asi” kateqoriyasına aid edilməsi ilə bağlı qəzəbini ifadə edib.
Macarıstanlı politoloq yarızarafat şəkildə deyib: “Görünür ki, bizim itaətkarlığı və avropalıların çaldığı ilə oynamağı qəbul etməyən türk genlərimiz özünü göstərir”.
Vüqar Seyidov
AZIRTAC-ın xüsusi müxbiri
Budapeşt