MADONNANI MƏHKƏMƏYƏ VERƏCƏKLƏR
Malavi insan hüquqlarını müdafiə mərkəzinin icraçı direktoru Undule Mvakazunqule bildirmişdir ki, Devidin atası oğlunu Madonnaya övladlığa verərəkən, həqiqətən, nə baş verdiyini dərk etmirdi. Hüquq müdafiəçisinin sözlərinə görə, atası əmin idi ki, Madonna yalnız oğlana yaxşı təhsil vermək üçün qəyyumluq edəcəkdir.
Madonna Britaniya hakimiyyət orqanları tərəfindən də ciddi maneələrlə üzləşmişdir. Onlar bildirmişlər ki, yad ölkədən uşağı övladlığa götürməzdən əvvəl Madonna onlardan müvafiq icazə almalı idi. Buna görə də müğənni övladliğa götürməni daha liberal qanunları ilə fərqlənən ABŞ-da rəsmiləşdirməli olmuşdu.
Lakin Malavi Ali Məhkəməsi hüquq müdafiəçilərinin iddiasını təmin edərsə, hətta ABŞ-da da Madonnanı ciddi çətinliklər gözləyəcəkdir.
Xatırladaq ki, Madonna uşaq evində yaşayan Devid Bandanı övladlığa götürdüyünü Malaviyə səfəri zamanı elan etmişdi. O, buraya yetim uşaqların vəziyyətini yaxşılaşdırmaq üçün humanitar missiya ilə gəlmişdi. Malavi məhkəməsi müğənniyə 18 aylıq müvəqqəti icazə sənədi versə də, sənədlərin tərtibi ilə bağlı yaranan çətinliklər üzündən Madonna Londona Devidsiz qayıtmalı olmuşdu. Bir neçə gündən sonra isə Devid Banda Madonnanın şəxsi təyyarəsində mühafizəçilərin müşayiəti ilə Böyük Britaniyaya gətirilmişdir.