SİYASƏT
Madriddə keçirilən tədbir zamanı Ermənistan səfirinin uydurmaları ifşa edilib
Madrid, 25 iyun, AZƏRTAC
Qazaxıstanın İspaniyadakı səfirliyinin təşəbbüsü ilə Madrid şəhərindəki Fuenkarral xiyabanında faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş ənənəvi anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, bir sıra MDB ölkələrinin, habelə ilk dəfə olaraq Serbiyanın qatıldığı tədbirdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov da iştirak edib.
Tədbirin əvvəlində müharibə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan Qazaxıstan səfiri K.Jiqalov İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə olunmasında sovet xalqının şücaətindən bəhs edərək, müharibə zamanı həyatını itirənlərin xatirəsini yad edib.
Tədbir zamanı çıxış edən səfir A.Məhərrəmov Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə əhəmiyyətli töhfələr verdiyini, 600 min azərbaycanlının cəbhəyə yola salındığını, onlardan 300 mindən çoxunun döyüşlərdə həlak olduğunu, müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər həmvətənimizin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini bildirib. Faşizm üzərində tarixi Qələbənin əldə edilməsində Bakı neftinin əvəzsiz töhfəsinin olduğu xüsusi qeyd edilib.
Ermənistan səfirinin çıxışı zamanı “erməni diviziyasının üzvlərinin Berlində Reyxstaq binasının qarşısında “erməni milli rəqsi” olan “köçəri” rəqsini ifa etməsi” barədə uydurma ifadələrinə cavab olaraq, səfir A.Məhərrəmov vurğulayıb ki, Azərbaycan milli rəqsi - “yallı”nın bir növü olan “köçəri” milli folklorumuzun qədim nümunələrindən biridir və Azərbaycan xalqına məxsus olan musiqi əsəridir. Müharibə illəri dövründə milli mənsubiyyətinə görə hər hansı bölgünün və ya fərqləndirilmənin aparılmadığını qeyd edən A.Məhərrəmov bu baxımdan, Ermənistan səfirinin özünün dərk etməyərək “erməni diviziyası” ifadəsindən istifadə etməsinin bunun uydurma və əsassız bir fikir olmasını bir daha təsdiq etdiyini diqqətə çatdırıb.
Daha sonra tədbir iştirakçıları tərəfindən İspaniyada vətəndaş müharibəsi zamanı (1936-1939) həyatını itirmiş sovet hərbçilərinin xatirəsinə ucaldılmış abidənin qarşısına əklil qoyulub.
Sonda tədbir iştirakçıları Avropanın nasizm və faşizmdən azad edilməsi uğrunda həyatlarını itirmiş ispanların xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri qoyaraq xatirə şəkli çəkdiriblər.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid