Makronsayağı siyasi səhv və ya Ukraynaya vurulan zərbə
Kiyev, 5 mart, AZƏRTAC
Artıq Ukraynada Fransa Prezidenti Emmanuel Makronu da “yaxşı” tanıyırlar. Daha doğrusu, Makronsayağı siyasətin və səhvin regionda yaratdığı çaxnaşmanı, Ukraynaya arxadan vurulan zərbəni anlamağa başlayıblar. Buna səbəb isə Makronun NATO qoşunlarının Ukrayna ərazisinə göndərilməsi ilə bağlı irəli sürdüyü təklifi və ya fikri oldu. Bununla Fransa Prezidentinin növbəti dəfə siyasi savadsızlığını nümayiş etdirdiyini söyləsək, düşünürəm ki, yaranmış vəziyyətə görə heç də ağır ittiham olmaz.
Fransa Prezidentinin NATO-nun Ukraynaya qoşun göndərməli olduğu ilə bağlı təklifi Alyans ölkələri arasında fikir ayrılığı yaratdı və Makron ciddi tənqidlərə məruz qaldı. Hətta iş o yerə çatdı ki, Makron bu açıqlaması ilə Almaniya Kansleri Olaf Şoltsun qəzəbinə tuş gəldi. Bu narazılıq Fransa-Almaniya münasibətlərində ciddi fəsad yaradıb. Makronun bəlli bəyanatından sonra iki ölkə arasında münasibətlər ən aşağı səviyyəyə enib. Almaniya-Fransa münasibətlərində yaranan gərginlikdən isə uduzan tərəf ilk olaraq Ukraynadır. Proseslər hətta NATO və Avropa İttifaqı ölkələrinin birliyinə ziyan vuracaq qədər inkişaf etməkdədir. Əgər Makron düşünürsə ki, bu açıqlama yerli auditoriyaya hesablanıb, məncə, yenə də bu, onun səhv yanaşmasıdır. Çünki bu mövqeyindən sonra Makron Fransa siyasətçiləri və ekspertləri tərəfindən sərt tənqidə məruz qalıb.
Makronun artıq Avropada da biabırçı siyasi fiaskoya uğradığı gün kimi bəllidir. Bir sıra NATO ölkələri, xüsusilə Almaniya, Çexiya, Bolqarıstan, İspaniya, İtaliya və digərləri bu ideyaya qarşı çıxıb. Digər tərəfdən NATO ölkələri daxilində yaranan narazılıq Rusiyanın lehinə işləyir və obrazlı şəkildə desək, Kreml kənardan baxaraq “gülümsəyir”. Bütün bunlar Ukraynanı çətin vəziyyətə salır. Bir tərəfdən Ukraynaya göndərilən silah-sursat, maliyyə yardımları azalıb, digər tərəfdən Makronun “uzaqgörən” açıqlamasının NATO və Avropa İttifaqı ölkələri arasında qıcıq yaratması rəsmi Kiyevə diqqəti azaldıb. Makron daha çox düşünməlidir və avropalı həmkarlarına çağırış etməlidir ki, Ukraynanın indi praqmatik, çevik yardıma, xüsusən də sursat və hava hücumundan müdafiəyə ehtiyacı var.
Bu təzyiqlərə dözməyən Fransa Prezidenti xarici mediaya müsahibəsində yenidən bəyan edib ki, yaxın vaxtlarda Ukraynaya fransız hərbçilərinin göndərilməsi olmayacaq.
"Mənə qoşunların göndərilməsi ilə bağlı verilən bir suala cavab verdim ki, heç nəyi istisna etmək olmaz. Bu o demək deyil ki, biz yaxın vaxtlarda Fransa qoşunlarının Ukraynaya göndərilməsi imkanını nəzərdən keçiririk”, - deyə Makron əlavə edib.
Ancaq nə fayda. Makronsayağı səhv siyasət Avropanı sirkələdi, Ukraynaya zərbə dəydi və Fransanın milli təhlükəsizliyinə təhdid oldu.
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev