Makronun sayıqlamaları və müttəfiqlərin fikir ayrılığı
Paris, 6 mart, AZƏRTAC,
Bir neçə gün əvvəl Ukraynaya qoşun göndərilməsinə dair bəyanatı ilə qərbli həmkarlarını şoka salaraq özündən uzaqlaşdıran Emmanuel Makron yenidən onları qıcıqlandırıb. O, Ukraynanın müttəfiqlərini “dayanmaz hala gələn Rusiyanın qarşısında qorxaq olmamağa” çağırıb və Qərb qoşunlarının göndərilməsi mümkünlüyü ilə bağlı dediklərinə görə məsuliyyəti öz üzərinə götürüb.
AZƏRTAC xəbər verir ki, “az-çox cəsarətli olmaqla bağlı müzakirələrə ehtiyacımız yoxdur”, - deyən Almaniyanın müdafiə naziri Boris Pistorius Fransa prezidentinin bu fikrinə sərt reaksiya verib.
Mövqeyinin üzərində təkidlə dayanan Fransa prezidenti mətbuat konfransında deyib ki, Avropanın onun söylədiyi fikirlərə ehtiyacı var. Makronun bu yanaşması onunla razılaşmayan Almaniyanı daha da qıcıqlandırıb.
ABŞ-dan Almaniyaya qədər, eləcə də digər avropalı müttəfiqlərin böyük əksəriyyətinin liderləri Fransa prezidentinin şərhlərini qəbul etməyərək bildiriblər ki, Ukrayna torpaqlarına əsgər göndərməkdən söhbət belə gedə bilməz.
Xatırladaq ki, dekabrda Brüssel tərəfindən üzv dövlətlərin Kiyevə tədarük etdiyi silahların miqdarının yoxlanması başlayandan avropalılar arasında gərginlik aydın hiss olunurdu. Bu yoxlamalar Berlinin “bəzi ölkələrin, xüsusilə də Fransanın daha çox silah tədarük etmək üçün vasitələrə malik olması” ilə bağlı ittihamları ilə müşayiət edilirdi.
Eyni zamanda, E.Makronun Parisdə keçirilən konfransda Ukraynaya qoşun göndərilməsi ilə bağlı söylədiyi fikir ölkə daxilində də mənfi qarşılandı və pislənildi. Onun bir-biri ilə ziddiyyət təşkil edən bəyanatları doğrudan da sayıqlamaya bənzəyir. Çexiyada martın 4-də mətbuat konfransında Makron paradoksal şəkildə dedi ki, “eskalasiya istəmirik, heç vaxt müharibəyə qarışmamışıq”. İndi isə onun bir gün sonra dediyi sözlərə fikir verin: “Avropa qorxaq olmamağın məqsədəuyğun olacağı bir ana daxil olur. Heç vaxt baş verən faciələri görmək istəmirik, lakin tarixə və onun göstərdiyi cəsarətə uyğun yaşamalı olacağıq”.
Bununla da Makronun Kiyevi daha çox dəsəkləməklə öz liderliyini sırımaq istəyi getdikcə aydın görünür. Lakin avropalı həmkarlarının əksəriyyətini mövqeyi göstərir ki, Fransa prezidentinin bu cəhdi ilə də artıq adət etdiyi növbəti gülünc vəziyyətə düşəcəyi qaçılmazdır.