MALİYYƏ ŞƏFFAFLIĞININ TƏMİN EDİLMƏSİ GÜNÜN VACİB TƏLƏBİDİR
Auditorlar Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, plana uyğun olaraq, məcburi auditdən keçməli olan iqtisadi subyektlər barədə KİV-lərdə məlumat yayılmış, Fərmanın icrasını təmin etmək məqsədi ilə nazirliyin və palatanın tabeliyində olan struktur bölmələrinə konkret tapşırıqlar verilmişdir. Auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsində auditorların məsuliyyətinin artırılması, məcburi audit obyektlərində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi, iqtisadi subyektlərlə auditorlar arasında müqavilə bağlanılarkən qiymətlərin süni surətdə azaldılması və haqsız rəqabət hallarının aşkar edilməsi üçün təsirli tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Həmçinin ərazi vergilər idarələrində və Bakı Şəhər Vergilər Departamentinin filiallarında Prezident fərmanından irəli gələn tələblərlə bağlı təbliğat və təşviqat tədbirlərinin görülməsi, vergi orqanlarının əməkdaşları ilə auditorların işçi görüşlərinin keçirilməsi, məcburi auditdən keçməli olan hüquqi şəxslərin siyahısının vaxtaşırı dəqiqləşdirilərək dövri və elektron informasiya vasitələrində yerləşdirilməsi, audit üzrə maarifləndirici materialların hazırlanıb ictimaiyyətə çatdırılması və s. tədbirlər nəzərdə tutulmuşdur.