DÜNYA
Malmö liberalları yoxlama zonalarının tətbiqinə qarşı çıxış edirlər
Stokholm, 23 yanvar, Nərgiz Cəfərli, AZƏRTAC
Bundan əvvəl xəbər verildiyi kimi, İsveç hökuməti mart ayından etibarən cinayət, o cümlədən atışma və partlayış riski olan müəyyən ərazilərdə yoxlama zonaları tətbiq etməyi planlaşdırır. Təklifdə nəzərdə tutulur ki, polis təhlükəsizlik zonası daxilində cinayət törətməkdə şübhələndiyi vətəndaşların, o cümlədən uşaqların şəxsi yoxlanmasını keçirmək, eləcə də silah və ya digər təhlükəli əşyaların tapılması məqsədilə nəqliyyat vasitələrində axtarış aparmaq imkanına malik olmalıdır.
AZƏRTAC xəbər verir ki, Malmö bələdiyyəsində çoxluq təşkil edən partiyaların nümayəndələri - sosial-demokratlar, liberallar və Yaşıllar Partiyası hökumətin belə zonaların tətbiq edilməsi təklifini rədd edib. Bu o deməkdir ki, parlament çoxluğuna daxil olan liberallar bu məsələdə partiya rəhbərliyinə qarşı çıxırlar.
Partiya lideri Roko Kursar deyir: “Tidö Sazişinin imzalanmasından bəri biz, - Malmödəki liberallar, - liberalların siyasətinə zidd olan ideyalara qarşı çıxacağımızı bildirmişik”.
Ədliyyə Aparatında hesab edirlər ki, yoxlama zonalarının tətbiqi konstitusiyaya ziddir. Ayrı-seçkilik məsələləri üzrə Ombudsman Ofisində qeyd edilir ki, bu, etnik ayrı-seçkiliklə bağlı yüksək risklərə gətirib çıxara bilər.
Vəkillər Kollegiyası, “Bris” uşaq hüquqları müdafiəsi təşkilatı, “Svea” Apellyasiya Məhkəməsi və İnsan Hüquqları İnstitutu da bu təklifi rədd edib, halbuki Dövlət Təhlükəsizliyi Xidməti və bir neçə bələdiyyə yeniliyi dəstəkləyib.
Qeyd edək ki, İsveç hökuməti yoxlama zonaları ideyasını Danimarkadan mənimsəyib. Həmin ölkədə analoji sistem 2004-cü ildən mövcuddur.