Marneulidə milli azlıqların qadın nümayəndələri üçün təlim keçirilib
Tbilisi, 3 mart, AZƏRTAC
Gürcüstanın Marneuli rayonunda etnik azlıqların qadın nümayəndələri üçün “Təsərrüfatçılığın praktiki kursu-biznesimizi necə başlayaq və inkişaf etdirək” mövzusunda treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Naziri Aparatının Kvemo Kartli üzrə nümayəndəsi Ayaz Məmmədovun təşkilatçılığı ilə reallaşıb. Tədbirdə etniki azlıqların qadın nümayəndələri, tələbələr və mövzu ilə maraqlanan şəxslər iştirak ediblər.
A.Məmmədov bildirib ki, məqsəd biznesə başlamaq istəyən etniki azlıqların qadın nümayəndələrinə iqtisadiyyatın ayrı-ayrı sahələri, kənd təsərrüfatı, sənaye və ticarətdə öz bizneslərini qurmağa köməklik göstərməkdir. Bu cür treninqlərdə qadınlara biznes yaratmanın elmi və təcrübi əsasları barədə ətraflı məlumat verilir.
Qeyd edək ki, Marneulidə 130 minə yaxın əhali yaşayır. Onların da 86,4 faizini azərbaycanlılar təşkil edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi