Marneulidə Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub
Tbilisi, 12 dekabr, AZƏRTAC
Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) müstəqil Azərbaycanın qurucusu, dünya şöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonra GAİM-in icraçı direktoru Murad Muradov çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, onun xalqın tərəqqisi, dövlətçiliyin möhkəmlənməsi və milli kimliyin qorunması naminə gördüyü nəhəng işlərdən danışıb.
Murad Muradov qeyd edib ki, Ulu Öndər təkcə Azərbaycan üçün deyil, həm də dünya azərbaycanlıları üçün böyük bir məktəb, liderlik nümunəsidir. Ümummilli Lider daim xaricdə yaşayan soydaşlarının birliyini, təhsilini, inkişafını diqqətdə saxlayıb, onların milli kimliyini qoruyaraq cəmiyyətlərdə fəal mövqe tutmalarını xüsusi əhəmiyyətli hesab edib. Gürcüstandakı azərbaycanlı gənclərinin savadlı, millətinə və yaşadığı ölkəyə faydalı fərd kimi formalaşması Heydər Əliyevin ümummilli strategiyasının ayrılmaz hissəsi olub. Bu gün də həmin ideyalar gənclərə yol göstərən mayakdır.
“GAİM olaraq əsas missiyamız məhz gənclərin maariflənməsi, milli-mənəvi dəyərlərimizin tanıdılması və böyük şəxsiyyətlərimizin həyat yolu ilə gənc nəsilləri tanış etməkdir. Heydər Əliyevin irsi isə bu istiqamətdə bizim üçün ən qiymətli mənəvi sərvətlərdən biridir”, – deyə Muradov vurğulayıb.
Sonra Ulu Öndərin həyatını, siyasi fəaliyyətini və Azərbaycan üçün gördüyü tarixi işləri əks etdirən sənədli film nümayiş olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi