MARTDA ORTA AYLIQ TEMPERATUR ÇOXİLLİK GÖSTƏRİCİLƏRDƏN YÜKSƏK OLACAQDIR
Martın birinci ongünlüyündə hava soyuyacaq, bol yağış yağacaqdır. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur rejimi iqlim normalarından 2-3 dərəcə aşağı olacaqdır. Tez-tez cənub-qərb küləyi əsəcək, güclü şimal-qərb küləyi ilə əvəz olunacaqdır.
İkinci ongünlükdə hava sabitləşəcək, temperatur rejimi iqlim normalarından 1-2 dərəcə yüksək olacaqdır. Ayın üçüncü ongünlüyü qısamüddətli leysan yağışları ilə səciyyəvi olacaq, dağlıq və dağətəyi rayonlarda tufanlar gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturu +7 dərəcəyə çatacaq (gecə 1-3 dərəcə, gündüz 7-10 dərəcə isti, ayın ikinci yarısında +12-14 dərəcəyədək artacaqdır), yağıntının səviyyəsi normadan artıq olacaqdır (20-27 mm).
Tez-tez qərb və şimal-qərb küləyi əsəcəkdir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturu +7-8 dərəcəyə çatacaq (gecə 1-3 dərəcə şaxta, gündüz 10-12 dərəcə isti), yağıntının səviyyəsi normadan artıq olacaqdır (22-44 mm).
Bəzi günlər güclü qərb küləyi əsəcəkdir.
Yuxarı Qarabağ, İstisu-Laçın və Daşkəsən-Gədəbəydə havanın orta aylıq temperaturu +1-3 dərəcə (gecə 3-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlər 12-14 dərəcəyə çatacaqdır), yağıntının səviyyəsi normadan artıq (42-52 mm) olacaqdır.
Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur +6-7 dərəcə (gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-8 dərəcə isti. Üçüncü ongünlükdə +12-17 dərəcə), yağıntının səviyyəsi normadan artıq (19-27 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı-Xızı, Quba-Qusar-Xaçmazda orta aylıq temperaturun 4-7 dərəcə isti (gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-6 dərəcə isti, üçüncü ongünlükdə 15-17 dərəcəyədək artacaq), yağıntının səviyyəsinin normadan artıq (38-83 mm) olacağı gözlənilir.
Mart ayında yağışlı günlərin sayı 18-20-yə çatacaqdır. Birinci və ikinci ongünlüklərdə qar yağacağı, bəzən intensiv olacağı gözlənilir. Ayın sonunda bir sıra qərb rayonlarında leysan yağışları yağacaq. Duman olacaqdır. Üçüncü ongünlükdə şimşək çaxacağı gözlənilir.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +6-8 dərəcə (gecə +4-6 dərəcə, gündüz +6-9 dərəcə olacaq, üçüncü ongünlükdə temperatur +16-18 dərəcəyə çatacaqdır), yağıntının səviyyəsi normadan artıq (24-45 mm) olacaqdır.
Yağmurlu günlərin sayı 10-12-yə çatacaq, səhər saatlarında duman olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperatur +8-10 dərəcə (gecə +5-7, gündüz +9-11 dərəcə olacaq, üçüncü ongünlükdə +13-15 dərəcəyə çatacaqdır), yağıntının səviyyəsi normadan artıq (59-112 mm) olacaqdır.
Bəzi günlər leysan yağışlarının yağacağı, yağmurlu günlərin sayı 15-17-yə çatacağı, üçüncü ongünlükdə tez-tez şimşək çaxacağı gözlənilir.