CƏMİYYƏT
“MathCamp 2023” riyaziyyat düşərgəsinə qeydiyyat yenidən başlayır
Bakı, 9 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə "Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması" layihəsi çərçivəsində Quba rayonunda “MathCamp 2023” adlı riyaziyyat düşərgəsinin növbəti mövsümü başlayır.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, düşərgənin əsas məqsədi tələbələr arasında riyazi təfəkkürün inkişafı üçün yeniliklərə yol açan idrak fəaliyyətinin formalaşdırılması, riyaziyyatın yeni təlim texnologiyalarından istifadə edərək tələbələrdə məntiqi təfəkkürü, təsvir və ixtiraçılıq bacarığının inkişaf etdirilməsi, elmi dünyagörüşünün və riyazi, nəzəri, praktik biliklərinin gücləndirilməsidir.
Düşərgədə iştirak etmək üçün ali təhsil müəssisələrinin riyaziyyat, fizika və əlaqəli ixtisaslarında, bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələr, magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələr, qeyd edilən ixtisaslar üzrə son 3 il ərzində məzun olmuş şəxslər qeydiyyatdan keçə bilərlər.
Düşərgə çərçivəsində təcrübəli müəllim və ekspertlər tərəfindən inteqrativ təlimə, alqoritmik yanaşmaya, məsələlər həllinə və ali riyaziyyat elementlərinin öyrənilməsinə istiqamətlənmiş xüsusi dərslər, seminarlar və vorkşoplar təşkil ediləcək.
Qeyd edək ki, fevralda keçirilməsi nəzərdə tutulan riyaziyyat düşərgəsinin təxirə salınmasının əsas səbəbi müraciət edən namizədlərin böyük əksəriyyətinin ixtisaslarının qeyd olunan istiqamətlə uzlaşmamasıdır.
Düşərgədə iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən və imtahanda iştirak edən namizədlər yenidən müraciət edə bilərlər.
Düşərgədə iştirak etmək istəyən namizədlər martın 10-dək https://forms.gle/jfM93oR2BZCvBBYP7 linki vasitəsilə qeydiyyatdan keçməli və ali riyaziyyat üzrə baza biliklərinin yoxlanılması məqsədilə qiymətləndirmə mərhələsində iştirak etməlidir.
Uğurlu nəticə əldə edən namizədlərə düşərgə haqqında ətraflı məlumat təqdim olunacaq.