MDB-də Əhalinin Sağlamlığının Qorunması sahəsində Əməkdaşlıq Konsepsiyasının aktuallaşdırılması planlaşdırılır
Bakı, 6 mart, AZƏRTAC
Müstəqil Dövlətlər Birliyinin (MDB) mənzil-qərargahında MDB-yə üzv dövlətlərin əhalinin sağlamlığının qorunması sahəsində əməkdaşlıq konsepsiyasına dəyişiklik layihələrinin yekunlaşdırılması üzrə ekspert qrupunun ilk iclası keçirilib.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər Konsepsiyanın ilk dəfə 2003-cü ildə - 20 ildən də çox əvvəl təsdiqləndiyini qeyd ediblər. Bu dövr ərzində tibdə həm bir sıra xəstəliklərin patogenezində, həm də dərman və peyvəndlərin işlənib hazırlanmasında yeni elmi kəşflər baş verib, hazırda bu sahədə müasir informasiya texnologiyaları və IT sistemləri fəal şəkildə tətbiq olunur, fərdi təbabət və yaxın illərdə tibbin inkişafını təyin edəcək digər hadisələr inkişaf edir.
Tibbin inkişaf tempini və bu sahədəki əsas tendensiyalardakı dəyişiklikləri nəzərə alan mütəxəssislər, Əhalinin Sağlamlığının Qorunması sahəsində Əməkdaşlıq Konsepsiyasının aktuallaşdırılması ilə bağlı daha çox işin görülməsinin zəruriliyini qeyd ediblər və bununla əlaqədar ekspert qrupunun növbəti iclasının bu ilin aprel ayında keçirilməsinə qərar verilib.