MDB Parlamentlərarası Assambleyasının mükafatları təqdim edilmişdir
Bakı, 17 mart (AZƏRTAC). Azərbaycan Bəstəkarlar İttifaqında MDB Parlamentlərarası Assambleyasının diplomlarının və döş nişanlarının təqdim olunması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bildirmişdir ki, Azərbaycan musiqi mədəniyyətinin nümayəndələri ölkələr arasında mədəni əlaqələrin güclənməsinə və Azərbaycan mədəniyyətinin xaricdə təbliğinə böyük töhfə vermişlər.
Azərbaycan Bəstəkarlar İttifaqının üç üzvü - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) nəzdində məktəb-studiyanın direktoru, professor Tərlan Seyidov, bəstəkar Azər Dadaşov və musiqişünas Mina Hacıyeva MDB parlamentlərarası Assambleyasının mədəniyyət, informasiya, turizm və idman üzrə Komissiyasının diplomlarına layiq görülmüşlər.
F.Əlizadə mükafatlandırılanların hər birinin xidmətlərini vurğulamışdır.
Əməkdar İncəsənət xadimi, sənətşünaslıq doktoru, professor, artıq 30 ildən çox yaşı olan BMA nəzdində uşaq məktəb-studiyanın banisi Tərlan Seyidov məktəbi nadir elmi-tədqiqat tədris müəssisəsinə çevirərək böyük iş aparır. Burada təkcə uşaqlar deyil, həm də tələbələr təhsil alırlar. Məktəb-studiya və BMA müəllimləri musiqi-pedaqoji innovasiyaları birlikdə sınaqdan keçirib tətbiq edirlər. Tələbələrin pedaqoji hazırlığının təşkili üzrə aparıcı xarici konservatoriyaların təcrübəsini öyrənən və ümumiləşdirən məktəb-studiya ali məktəbin bütün kafedralarının pedaqoji təcrübəyə rəhbərlik üzrə səylərini vahid sistemdə birləşdirməyə nail olmuşdur. Bütün təcrübə sisteminin yenidən qurulması sayəsində tələbələr ali məktəbi bitirdikdən sonra təkcə məktəbəqədər yaşlı uşaqlar və ibtidai sinif şagirdləri ilə işləməyə deyil, həm də orta musiqi təhsil müəssisələrində dərs deməyə hazır olurlar. Uşaqların məktəbdə 11 il təhsil alması təcrübə keçən tələbələrin mühazirəçi, konsertmeyster və pedaqoji fəaliyyət vərdişlərinə yiyələnmələrinə imkanı verir.
Məktəb müntəzəm olaraq müxtəlif tədbirlər - konsertlər, tamaşalar, Qara Qarayev adına beynəlxalq elmi-ifaçılıq müsabiqələri və pianoçuların konfranslarını keçirir, məktəb-studiya haqqında yubiley kitabı, habelə Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsərinin uyğunlaşdırılmış variantını nəşr etmişdir.
Fəlsəfə elmləri doktoru, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü Mina Hacıyeva Azərbaycan musiqi mədəniyyətinin yeni prinsipial fəlsəfi cəhətlərini araşdırır, Azərbaycan xalqının musiqi təfəkkürünü universal mövqelərdən şərh edir. O, Azərbaycan musiqisinin, bütövlükdə çoxəsrlik mədəniyyətin fəlsəfi xüsusiyyətlərinin dərk edilməsi ilə bağlı çoxsaylı kitablar yazmışdır.
Onun “Qara Qarayevin və Firəngiz Əlizadənin fəlsəfi dünyası” kitabı üç dildə işıq üzü görmüşdür. M.Hacıyeva BDM ölkələrinin bir çox şəhərlərində konfranslarda iştirak edərək, Azərbaycan musiqisini təbliğ edir, Azərbaycan mədəniyyəti fəlsəfəsinin köməyi ilə onun obrazını açır.
Bəstəkar Azər Dadaşov 10 simfoniyanın, uşaqlar üçün çoxsaylı musiqi əsərlərinin müəllifidir. F.Əlizadə vurğulamışdır ki, o, musiqi məktəbləri şagirdlərinin bütün yaş qrupları üçün fortepiano əsərləri yazmışdır.
Azər Dadaşov 10 nömrəli simfoniyaya görə “Humay” mükafatına layiq görülmüşdür. O, 17-dən çox bədii, cizgi və sənədli filmə musiqi yazmışdır. O, dini mövzuda 4 əsər yaratmış, eyni zamanda həm musiqinin, həm də mətnin müəllifi olmuşdur. O, “Şükürlər olsun sənə” əsərinə görə Roma Papası medalına layiq görülmüşdür.
MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman komissiyasının həmsədri, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundova “Mədəniyyətin və incəsənətin inkişafında xidmətlərinə görə” diplomlarını və döş nişanlarını Tərlan Seyidov, Mina Hacıyeva və Azər Dadaşova təqdim etmişdir. O bildirmişdir ki, diplom bu yaxınlarda təsis edilmişdir və Azərbaycanın mədəniyyət xadimləri ona birincilər sırasında layiq görülmüşlər.
E.Axundova MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenko adından diplomantları təbrik etmiş və onlara gələcək yaradıcılıq uğurları arzulamışdır.