ORDU
Media nümayəndələri Konyada keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimlərini izləyiblər VİDEO
Konya, 30 iyun, AZƏRTAC
Türkiyənin Konya şəhərində müxtəlif ölkələrdən və NATO-dan olan uçuş heyətlərinin iştirakı ilə keçirilən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimləri iyunun 30-da kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə izlənilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Pakistan, Qətər və NATO ölkələri ilə yanaşı, Türkiyə Hərbi Hava Qüvvələri və Türkiyə Dəniz Qüvvələrinin pilotları təlimlərin bu mərhələsində uçuşlar nümayiş etdiriblər.
Sonra hərbi orkestr “Mehtər” marşını ifa edib, bədii proqram təqdim olunub.
Daha sonra Türkiyə Silahlı Qüvvələrinin “Türk Ulduzları” eskadrilyasının “SOLOTÜRK” komandası nümunəvi uçuşları yerinə yetirib. Şahinlər təxminən 30 dəqiqə davam edən məharətli uçuşları ilə Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün şərəfinə səmada ürək təsviri yaradıblar.
Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün keçirilən brifinqdə “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərinin məqsədi və gedişi barədə ətraflı məlumat verilib.
Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Həsən Küçükakyüz “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərinin məqsədi və gedişi barədə məlumat verib. Bildirib ki, təlimlərin məqsədi Türkiyə və xarici aviasiya birliklərinin ortaq hərəkət etmək imkan və qabiliyyətlərinin inkişaf etdirilməsi, birliklər arasında qarşılıqlı dəstəyin artırılması, yeni texnika və taktikaların öyrənilməsidir.
İyunun 21-də start götürən “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərinə iyulun 2-də yekun vurulacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Konya