MƏHƏLLƏLƏRARASI MİNİ FUTBOL TURNİRİNDƏ ON BİR KOMANDA MÜBARİZƏ APARIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 4-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) Milli Qəhrəman Cəmil Niftəliyevin xatirəsinə həsr etdiyi 1995-96-cı il təvəllüdlü uşaqlar arasında “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin Qaradağ təlim-idman bazasında məhəllələrarası mini futbol turnirinin açılış mərasimi olmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəmanın təhsil aldığı Qaradağ rayonundakı 133 nömrəli orta məktəbə gələrək xatirə lövhəsinin qarşısına gül dəstələri qoymuş və Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər.
Açılış mərasimində BŞGİBİ-nin rəisi Raqif Abbasov, AFFA-nın baş katibi Elxan Məmmədov və başqaları çıxış edərək bildirmişlər ki, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, gənc nəslin sağlam həyat tərzinə meylinin artırılması baxımından belə turnirlərin müxtəlif yaş qrupları üzrə və mütəmadi şəkildə keçirilməsi çox vacibdir.
Sonralar şöhrət qazanan futbolçuların əksəriyyətinin istedadının bir çox hallarda məhz məhəllə futbolunda üzə çıxdığını deyən natiqlər, bu baxımdan məhəllələrarası turnirlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləmişlər.
Bildirilmişdir ki, yarışlarda yaxşı oyunu ilə seçilən futbolçular diqqət mərkəzində saxlanılacaq və onların bu sahədə uğur qazanmaları üçün hər cür şərait yaradılacaqdır.
Sonda çıxış edən Milli Qəhrəman Cəmil Niftəliyevin atası Səmədağa Niftəliyev yarışın təşkilatçılarına minnətdarlığını bildirmış və iştirakçılara uğurlar arzulamışdır.
AFFA-nın gənc hakimləri tərəfindən idarə edilən və dairəvi sistem üzrə iki yarımqrupda keçirilən turnirdə 11 komanda mübarizə aparır.
Sentyabrın 15-də başa çatacaq məhəllələrarası mini futbol turnirində qalib komandalar AFFA və BŞGİBİ tərəfindən mükafatlandırılacaqlar.