MƏHƏMMƏD ƏLİ PREZİDENTİN “AZADLIQ” MEDALI İLƏ MÜKAFATLANDIRILACAQ
1967-ci ildə artıq dünya çempionu və Olimpiya qızıl medalının sahibi olan Məhəmməd Əli Vyetnam müharibəsi İslam dininə uyğun gəlmədiyi üçün bu müharibədə vuruşmaqdan imtina etmişdi. Boksçu peşəkar idmanla vidalaşaraq, özünü islam dininin dünyada yayılmasına və humanitar fəaliyyətə həsr etmişdi. M.Əli uzun illərdən bəri Parkinson xəstəliyindən əziyyət çəkir.
Ali dövlət mükafatı ilə təltif olunanlar arasında Əfqanıstanda və İraqda hərbi əməliyyatlara rəhbərlik etmiş ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sabiq sədri Riçard Mayers, əfsanəvi müğənni Areta Franklin və məşhur basketbolçu Frenk Robinson, İnternet üçün proqram kodu tərtib etmiş Vinton Serf və Robert Kan, sovet tarixi üzrə mütəxəssis, “Böyük terror: 30-cu illərin Stalin təmizləmələri” kitabının müəllifi Konkuest və başqaları da var.
Prezident medalının təntənəli təqdimetmə mərasimi noyabrın 9-da Ağ evdə keçiriləcəkdir.
Bu medal Prezident Harri Trumenin sərəncamı ilə 1945-ci ildə hərbi əməliyyatlar zamanı fərqlənənlər üçün təsis edilmişdi. Lakin 1963-cü ildə Prezident Con Kennedi bu mükafatın statusunu dəyişmiş və o vaxtdan bəri “Azadlıq” medalı dinc quruculuq dövründə mülki xidmətdə, idman, biznes, elm və mədəniyyət sahələrində qazanılmış böyük nailiyyətlərə görə verilir.