Məhərrəm Sultanzadə: Azərbaycan atletləri fevralda keçirilən beynəlxalq turnirlərdə 7 medal qazanıblar
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan atletləri fevralda keçirilən beynəlxalq turnirlərdə 7 medal qazanıblar.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə deyib.
“Azərbaycan atletləri qış mövsümündə beynəlxalq turnirlərdə bir çox uğurlar əldə ediblər. Bu yarışlara İstanbulda keçirilən yeniyetmə və böyüklər arasında Balkan çempionatı, İstanbul kuboku, Fransa, Belarus və İstanbulda keçirilən beynəlxalq turnirlər aiddir. Fevralın 9-da yeniyetmələr arasında keçirilən Balkan Çempionatında üç təkanla tullanma növündə Rüstəm Məmmədov, böyüklər arasında Balkan çempionatında isə yenə üç təkanla tullanma növündə Nazim Babayev qızıl, Yekaterina Sarıyeva isə bürünc medal qazanıblar. Fevralın 16-da İstanbul kuboku turnirində Yekaterina Sarıyeva üçüncü olub. Fevralın 19-da isə hamımızın gözlədiyi nəticə oldu. Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində 17,14 metr nəticə göstərərək “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya qazandı. N.Babayev bu yarışda, həmçinin gümüş medal əldə edərək Azərbaycan bayrağını zirvələrə qaldırdı. Daha sonra isə fevralın 25-26-da keçirilən “Minsk U20 İnternational Match” turnirində atletimiz Rüstəm Məmmədov üç təkanla tullanma növündə qızıl medal qazanıb. Fevralın 29-da İstanbulda keçirilən beynəlxalq turnirdə qadın atletimiz Yekaterina Sarıyeva 13,29 metr nəticə göstərərək gümüş medal qazanıb”,-deyə federasiyasının baş katibi bildirib.
Onun sözlərinə görə, yarışlarda qazanılan uğurların ən çoxu üç təkanla tullanma növü üzrədir. Bu növün ölkəmizdə inkişafından danışan baş katib deyib: “Azərbaycanda üç təkanla tullanma növünün böyük məktəbi var. Ölkəmizdə bu məktəbin təməlini Aleksandr Antipov qoymuşdur. Bu növdə ilk dəfə 17 metr məsafədən artıq nəticə göstərən idmançılar Məmməd Axundov və Vasif Əsədov A.Antipovun tələbələri olub. Bu günə kimi Azərbaycanda üç təkanla tullanma üzrə rekord nəticə V.Əsədova aiddir. Bu məktəbin davamçıları bu gündə yetişir. Bu idmançılara misal olaraq Nazim Babayevi göstərmək olar. Onun məşqçisi Ziyad Xəlfəyev Antipovun məktəbini keçmiş idmançılardandır. Mən belə düşünürəm ki, Azərbaycanda atletikanın üç təkanla tullanma növü daim inkişafda olacaq. Çünki, bu idman növünün ölkəmizdə böyük məktəbi var”.