MEK-də Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb.
MEK-dən AZƏRTAC-a bildirilib ki, “Zəfərə gedən yol sizinlə başladı” adlı anım tədbirində baş direktor professor Məmməd çıxış edib. O bildirib ki, şəhidlərimiz bizim qürur yerimizdir və onları yad etmək bizim mənəvi borcumuzdur. “Azərbaycan xalqı multikultural, sülhsevərdir. Lakin Vətən müharibəsində azərbaycanlı kimliyi etnik çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında erməni faşizmini məhv edərək torpaqlarımızı azad edərək tarixi ədaləti bərpa etdi. Bu möhtəşəm Qələbədən sonra ölkə başçısının uğurlu diplomatik səyləri nəticəsində dünya yaranmış yeni reallığı qəbul edib. 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallığın dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətləri əvəzsizdir”, - deyə professor M.Əliyev vurğulayıb.
Baş direktor rəhbərlik etdiyi qurumda fəaliyyət göstərən Qarabağ müharibəsi qəhrəmanları fondunun istər I Qarabağ, Aprel və Tovuz döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsinin iştirakçıları, qaziləri, şəhidləri haqqında dolğun məlumat, sənəd, nəşrlər, elmi-tədqiqat işlərinin toplayaraq oxucularına təqdim etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə Aprel döyüşləri ilə başlayan mübarizəmizdən, qəhrəman oğulların igidliklərindən bəhs edib. MEK Qadınlar Təşkilatının sədri Reyhan Cəfərova isə həmin döyüşlər zamanı düşmən itkiləri haqqında statistik məlumatlarla çıxış edib.
“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri və Aprel döyüşlərinin şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxışında bildirib ki, Vətən sevgisi ilə şəhid olan bütün oğullar hər birimizin qürur mənbəyidir. Onlar şəhidlik zirvəsinə ucalaraq bütün xalqın övladları olublar. Ceyran Həsənova onu qeyd edib ki, yaxın günlərdə oğlu haqqında çıxan kitabları və sənədli filmi MEK-ə təqdim edəcək.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist, yazıçı Aydın Tağıyev Vətən müharibəsindəki Qələbəmizə töhfə olaraq yazdığı “İlk Zəfər marşı”nın ərsəyə gəlməsinin mərhələlərindən bəhs edib. Bildirib ki, ötən ilin sonlarında “Vətən marşı” adlı başqa bir şeirinə də musiqi bəstələnərək sənətkarlar tərəfindən ifa edilib.
AMEA A.A. Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin böyük elmi işçisi Günel Aslanlı Qələbəmizə təkan verən Aprel döyüşlərini tarixi aspektdə təhlil edib.
Tədbirdə, həmçinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsi iştirakçısı, Aprel döyüşlərinin şəhidi Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə, Aprel döyüşləri şəhidi Müşfiq Orucovun anası, Zəngilan rayonu 7 nömrəli tam orta məktəbin direktoru Aygün Məmmədli və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşı Emin Babayevin çıxışları dinlənilib.