SİYASƏT
MEKSİKADAKI AZƏRBAYCAN DİASPORU YENİ İNTERNET SƏHİFƏSİNİ İSTİFADƏYƏ VERMİŞDİR
Vaşinqton, 27 yanvar (AZƏRTAC). Meksikada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatı bütün Latın Amerikası azərbaycanlılarının əlaqə vasitəsinə çevriləcək yeni internet səhifəsini istifadəyə vermişdir.
İspan və ingilis dillərində təqdim edilən Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının (LAAA) veb səhifəsində (www.azerbaijani-association.org) Azərbaycan haqqında ümumi məlumatlar, ölkəmizin tarixi, mədəniyyəti, o cümlədən ədəbiyyatı, musiqisi, mətbəxi barədə geniş məlumatlar, habelə mühüm xəbərlər yerləşdirilmişdir. Bundan əlavə, internet səhifəsində Azərbaycan musiqi korifeylərinin əsərləri, video çəkilişləri, Azərbaycan dilini öyrənənlər üçün müvafiq lüğətlərlə tanış olmaq mümkündür.
İnternet səhifəsinin fəaliyyətə başlaması ilə əlaqədar rəsmi təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Meksikadakı azərbaycanlı icmasının üzvləri, Azərbaycan səfilriyinin əməkdaşları, eləcə də Meksikada fəaliyyət göstərən Ukrayna Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.
Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyev mərasimdə çıxış edərək, LAAA-nın yaradılması və fəaliyyətinin genişləndirilməsi istiqamətində səfirliyimiz tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir. Qeyd etmişdir ki, birgə səylər nəticəsində Vətəndən uzaqda yaşayan həmyerlilərimizin birləşməsi məqsədi ilə yaranmış təşkilatın fəaliyyət dairəsinin genişləndirilməsi üçün öz tərəfindən əlindən gələni əsirgəməyəcəkdir.
Sonra Azərbaycanın Mexiko şəhərindəki səfiri İlqar Muxtarov çıxışında tədbir iştirakçılarını yeni yaradılmış saytla əlaqədar təbrik etmiş, Avropa və ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının LAAA-nın saytında yerləşdirilmiş istinadlarını misal gətirərək, təşkilat tərəfindən gələcəkdə sözügedən qurumlarla sıx əlaqə saxlanılması və mümkün təcrübə mübadiləsinin aparılmasının zəruriliyini vurğulamışdır. O, internet səhifədə “Join us” (“Únetenos” - “Bizə qoşulun”) adlı bölmənin yaradılmasını diqqətə çatdıraraq Latın Amerikasında yaşayan azərbaycanlıların burada qeydiyyatdan keçməsini tövsiyə etmiş və həmyerlilərimizin daha da sıx münasibətdə olması üçün belə əlaqə vasitələrinin faydalı olduğunu söyləmişdir. İ.Muxtarov təşkilatın fəaliyyətinin hərtərəfli şəkildə daha da fəallaşdırılmasına çağıraraq, öz növbəsində ölkəmiz tərəfindən gələcəkdə də lazımı dəstəyin göstəriləcəyini bildirmişdir.
Tədbir zamanı səfirlik tərəfindən LAAA-nın fəaliyyətinə dəstək məqsədi ilə təşkilata iki kompyuter bağışlanmışdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
######