Məktəb–valideyn–cəmiyyət əməkdaşlığı Masallıda müzakirə olunub
Masallı, 19 dekabr, İlkin Adıyev, AZƏRTAC
Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində ümumrayon valideyn konfransı təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları və valideynlər iştirak ediblər.
Konfransın əsas məqsədi məktəb–valideyn–cəmiyyət əməkdaşlığının gücləndirilməsi, uşaqların sağlam mənəvi mühitdə formalaşması, yetkinlik yaşına çatmayanlar arasında narkomaniya və erkən nikah hallarının qarşısının alınmasında valideyn məsuliyyətinin artırılması olub.
İştirakçılar Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Lənkəran Dövlət Dram Teatrının kollektivi tərəfindən xüsusi hazırlanmış sosial səhnəcik nümayiş etdirilib. Səhnəcikdə ailə daxilində zorakılığın və onun cəmiyyətə mənfi təsirləri bədii formada təqdim olunaraq, zorakılığa qarşı mübarizənin hər bir fərdin məsuliyyətindən başladığı mesajı verilib.
Çıxış edənlər gender bərabərliyinin təmin edilməsinin, qadın və uşaqlara qarşı zorakılığın qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Sonda bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlərin davam etdiriləcəyi bildirilib.