Məktəblilər Radiasiya Problemləri İnstitutunun laboratoriyaları ilə tanış olublar
Bakı, 31 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə institutda 193 saylı orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Görüşdə çıxış edən müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev şagirdlərə Azərbaycanda və dünyada radiasiya elmi və institutun tarixi haqqında məlumat verib. Şagirdləri elmə dəvət edən və daim öyrənməyə çağıran İ.Mustafayev institut əməkdaşlarının da elmi biliklərin öyrədilməsi prosesində aktiv və həvəsli olacağını ifadə edib.
İcraçı direktor fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva isə şagirdləri Radiasiya Problemləri İnstitutunun elmi-tədqiqat istiqamətləri və əldə olunan nəticələr, yeniliklər və beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumatlandırıb.
İnstitutun gənc alimi, fizika üzrə fəlsəfə doktoru Rəxşanə Məmişova “Radiasiya təhlükəsizliyinin əsasları”mövzusunda məruzə ilə çıxış edib.
Sonda müəllim və şagird heyəti institutun elmi-tədqiqat laboratoriyaları və onların iş prosesi ilə tanış olublar. Alimlər şagirdlərin suallarını cavablandırıblar.