ELM VƏ TƏHSİL
Məktəblilərdə oxu bacarığının, mütaliənin inkişaf etdirilməsi gələcəkdə intellektli gəncliyin yetişməsi deməkdir VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Bakı Biznes Mərkəzində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə qalib olan “Şagirdlərin oxu bacarıqlarının inkişafı” layihəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Layihənin icrasını əks etdirən videoçarx nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan "Şagirdlərin oxu bacarıqlarının inkişafı" layihəsinin rəhbəri Aytən Bağıyeva təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsədin təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırmaqdan ibarət olduğunu vurğulayıb. Qeyd edib ki, layihənin əsas məqsədi ibtidai sinif şagirdlərində mütaliə vərdişlərinin formalaşdırılması, sinifdən xaric oxunun səmərəli təşkili, şagirdlərdə oxuyub anlama bacarıqlarının inkişaf etdirilməsidir. Aytən Bağıyeva layihənin uğurla həyata keçirilməsində ona dəstək olan Nərimanov rayon 258, 47 və 36 nömrəli məktəblərin kollektivlərinə təşəkkürünü bildirib.
Milli Məclisin deputatı Adil Əliyev layihənin əhəmiyyətini qeyd edərək, şagirdlərdə oxu bacarığını inkişaf etdirməyin gözəl ənənə olduğunu bildirib. O, Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu, bu sahədə həyata keçirilən is¬lahatları diqqətə çatdırıb.
Milli Məclisin deputatı Fazil Mustafa sözügedən layihənin həyata keçirilməsini yüksək qiymətləndirib, qaliblərə uğurlar arzulayıb. Deputat hesab edir ki, məktəblilərdə oxu bacarığının, mütaliənin inkişaf etdirilməsi gələcəkdə intellektli gənclərin yetişməsi deməkdir.
Təhsil Nazirliyinin nümayəndəsi Orxan Abbasov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Anar Qədiməliyev, 36 nömrəli məktəbin direktoru Emilya Səfərəliyeva bildiriblər ki, şagirdlərin asudə vaxtının səmərəli təşkili, mütaliə vərdişlərinin formalaşdırılması və maraqlarının artırılması üçün əlverişli şəraitin yaradılması mühüm amildir. Qeyd olunub ki, layihə kitaba marağın daha da artırılmasına nail olmaq üçün əvəzsiz vasitədir.
Sonra mükafatlandırma mərasimi keçirilib, qaliblərə hədiyyələr və diplomlar verilib.
Layihədə iştirak edən şagirdlər hazırladıqları bədii kompozisiyanı təqdim ediblər. Məktəblilər ifa və rəqsləri ilə tədbir iştirakçılarında xoş ovqat yaradıb, “Yaşa Azərbaycan” deyiblər.