“Məktəblinin dostu” layihəsinin Vətən müharibəsində iştirak etmiş 9 əməkdaşına hədiyyələr təqdim olunub
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 8-də təhsil nazirinin müavini Firudin Qurbanovun iştirakı ilə Vətən müharibəsində iştirak etmiş “Məktəblinin dostu” layihəsinin əməkdaşları ilə görüş keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Firudin Qurbanov Vətən müharibəsindəki qalibiyyətimizdən söz açıb. Bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.
“Məktəblinin dostu” layihəsinin əhəmiyyətinə toxunan nazir müavini çıxışının sonunda məktəblinin dostlarının hər birinə Vətən müharibəsində göstərdikləri şücaətə görə təşəkkür edib və onlara uğurlar arzulayıb.
Sonda “Məktəblinin dostu” layihəsinin Vətən müharibəsində iştirak etmiş 9 əməkdaşına hədiyyələr təqdim olunub.