Memarlıq və İnşaat Universitetinin tələbələri beynəlxalq yarışmanın qalibi olublar
Bakı, 30 iyul, AZƏRTAC
“British Council“ şirkətinin 2021-ci ilin genişmiqyaslı “Creative Spark Big Idea Challange-2021” yarışmasının iyulun 5-dən 18-dək keçirilən səsverməsinin nəticələri bu gün elan olunub. Müsabiqədə Azərbaycan da daxil olmaqla yeddi ölkə iştirak edib, səsvermə onlayn keçirilib. Müsabiqənin finalçılarından olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ biznes inkubator mərkəzinin üzvləri Gülnarə Mirzəyeva və Elnur Məmmədov yarışmada yüksək yer tutublar.
Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Qeyd olunub ki, “Rəqəmsal texnologiya” kateqoriyası üzrə finala çıxan AzMİU-nun Tikinti-iqtisad fakültəsinin tələbəsi Gülnarə Mirzəyevanın “TechnoHealth” startap layihəsi Azərbaycan üzrə ölkə səsverməsində çempion olub.
“Yaradıcı” kateqoriyası üzrə yarışa qatılan Elnur Məmmədovun “Stork” startap layihəsi də həmin kateqoriyada 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, “Creative Spark” proqramı 2018-ci ildə yaradılıb. Həmin ildən proqram minlərlə tələbə, məzun və sahibkarlara innovativ biznes ideyaları ilə yenilik gətirməsinə dəstək göstərib. Bu il Azərbaycandan olan 12 qrup #mycreativespark #BigIdeaChallenge 2021 üçün yarışır. Həmin gənclər 600-dən çox komandanın iştirak etdiyi və 84.000 nəfərin səs verdiyi yarışmada seçiliblər.