Mətbuat Şurasının sədri “Məktəbdə...” layihəsində
Bakı, 6 aprel, AZƏRTAC
“Məktəbdə...” layihəsinin növbəti görüşü paytaxtdakı 96 nömrəli tam orta məktəbdə keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Layihənin budəfəki qonağı yazıçı, jurnalist, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid olub.
Görüşdə Rəşad Məcid məktəb illəri ilə bağlı xatirələrindən, müəllimləri, məktəbli dostları ilə unudulmaz anlarından, öz dövrünün məktəb mühiti ilə bugünün müqayisəsindən, həyat yolunun maraqlı məqamlarından söz açıb.
Rəşad Məcid insana dəyər qatan mənəvi keyfiyyətlərdən, xarakterin formalaşmasına təsir edən amillərdən, böyüdüyü Ağdamla bağlı xatirələrindən, işğaldan sonra yeni həyat qazanan doğma yurd yerlərimizdən, Böyük Qayıdışdan danışıb.
Qonaq daha sonra mütaliənin üstünlükləri, oxu vərdişlərini formalaşdırmağın yolları, həyatda və peşədə uğur qazanmağa təsir edən faktorlardan söz açıb, ixtisas seçimi astanasında olan gənclərə tövsiyələr verib, şagirdləri düşündürən suallara aydınlıq gətirib.
Qeyd edək ki, "Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.