MİLLİ BANKIN İDARƏ HEYƏTİNİN SƏDRİ ELMAN RÜSTƏMOVUN ÇIXIŞI
Hörmətli iclas iştirakçıları!
2005-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları bir daha göstərir ki, ümummilli liderimiz Heydər Əliyev dühası, zəkası ilə müəyyənləşmiş milli inkişaf strategiyası obyektiv reallığa çevrilibdir. Ümummilli liderimiz Heydər Əliyevin başladığı və xalqımız üçün taleyüklü işlər cənab Prezident İlham Əliyev tərəfindən əzmkarlıqla, cəsarət və yaradıcılıqla davam etdirilir. Bütün kəmiyyət və keyfiyyət göstəriciləri, mövcud sosial və iqtisadi tərəqqi tempi göstərir ki, Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mövqelərinə çıxır. Bu mövqe dünyada ən dinamik inkişaf edən dövlət olduğumuzu sübut edir.
Gəlin, cari ilin bir sıra makro və mikroiqtisadi göstəricilərinə nəzər salaq. Ümumi iqtisadi artım tempi 22 faiz, sənaye məhsulu 28 faiz, neft sektorunda artım 53 faizdir. Mənim yadıma köhnə dövrlərdə - sosialist sistemində həm ölkənin, həm də ayrı-ayrı respublikaların inkişaf göstəriciləri düşür. Cənab Prezident, beşilliklər ərzində belə göstəricilər çox çətinliklə əldə olunurdu. Ancaq bu 9 ayın yekunları göstərir ki, beş ildə keçilmiş yol bu gün bir ildə keçilir. Fərəhli haldır ki, qeyri-neft sektorunda da yüksək inkişaf dinamikası davam edir və iqtisadiyyatımız diversifikasiya olunur, burada artım 12 faizdən yuxarıdır və bu sektorda sənayenin artımı 17 faizə yaxınlaşır. 2004-cü ilin sonunda adambaşına düşən ümummilli məhsulun səviyyəsi 1000 dollar olmuşdu, yəni biz rubikonu keçmişdik və artıq bu gün milli proqnoz 1500 dollardır, gələn il isə 2000 dollar olacaqdır.
Cənab Prezident!
Siz ölkə Prezidenti seçiləndən sonra ötən müddətdə iqtisadi potensialına, imkanlarına görə yeni Azərbaycan yaradılır. Bu, olduqca böyük və yəqin ki, tarixdə heç bir oxşarı olmayan bir nailiyyətdir. Göründüyü kimi, imkanlar genişlənir. Bu imkanlar əhalinin rifahının yüksəldilməsinə istiqamətləndirilmişdir. Bunun nəticəsidir ki, ölkəmizin sosial inkişaf dinamikası da olduqca yüksəkdir. Əhalinin pul gəlirləri 27 faiz səviyyəsinə, orta aylıq nominal əmək haqqı isə 22 faiz səviyyəsinə qalxıbdır. İdxal olunan avtomobillərin sayı 9 ay ərzində 70 faiz, 1,7 dəfə artıb, 40 minə yaxınlaşıb. Məlumat verildi ki, mobil telefonların adambaşına düşən sayına görə biz artıq MDB məkanında birinci yerə çıxmışıq. Digər xarakterik göstəricilər: ölkəyə 9 ay ərzində kompüterlərin idxalı 63 faiz artıbdır, mobil telefonlar 4 dəfə, Rusiya istehsalı olmayan avtomobillər 27 faizə qədər artıbdır. Bu onu göstərir ki, əhalimiz yaxşı yaşamağa başlayır. Əgər onların müasir məhsullara olan tələbatı artırsa, deməli, əhalinin rifahı yüksəlir.
Siz nitqinizdə qeyd etdiniz, təbii ki, artan imkanlar, onlardan istifadə, dövlət xərclərinin artımı, irimiqyaslı sosial proqramların həyata keçirilməsi 2004-cü ilin son aylarından başlayaraq müəyyən dərəcədə inflyasiyanın artımına gətirib çıxardı. Artıq biz birinci rübün yekunlarına görə 15 faizlik inflyasiya cədvəlinə çıxmışdıq. Belə bir məqamda Siz olduqca hərtərəfli, konstruktiv Fərman verdiniz. Bu Fərmanın icrasından sonra həyata keçirilən antiinflyasiya tədbirləri ölkədə inflyasiyanı cilovlamağa imkan yaratdı. Bundan sonra 4 ay ərzində ümumiyyətlə qiymətlərin, mütləq aşağı düşməsi baş verdi və bu gün bu proses davam etməkdədir. Əgər orta illiyi götürsək, inflyasiya 11,9 faizdir və 9 ayın yekunlarına görə 2,3 faizdir. Bu onunla əlaqədardır ki, bizim orta illik inflyasiyamızda oktyabr, noyabr, dekabr aylarında köhnə ilin 8,5 faizlik inflyasiyası oturub. Biz gözləyirik, yəqin ki, bu günlərdə Statistika Komitəsi oktyabrın inflyasiyasını açıqlayacaqdır. Şəxsən mənim proqnozum və Milli Bankın başlıca məhsullar üzrə apardığı monitorinq onu göstərir ki, hətta bu ayın yekunlarına görə, artıq orta illik inflyasiya birrəqəmli səviyyəyə düşə bilər. Çünki keçən ilin oktyabrındakı inflyasiya, Arif müəllim baxıb, 4,4 faiz idi. Milli Bank belə bir inflyasiyanı oktyabrda gözləmirdi.
İLHAM ƏLİYEV: Arif müəllim elədir?
ARİF VƏLİYEV (Dövlət Statistika Komitəsinin sədri): İlkin məlumatlara görə, noyabrın ortalarına qədər 11 faizə yaxın olmalıdır.
İLHAM ƏLİYEV: Yenə də düşəcək?
ARİF VƏLİYEV: Belə getsə, gələn ay 9,8-9,7 faiz olacaq.
İLHAM ƏLİYEV: Birrəqəmli.
ARİF VƏLİYEV: Bəli.
ELMAN RÜSTƏMOV: Biz belə hesab edirik ki, il ərzində bu, reallıqdır və mən yenə öz fikrimdə qalıram ki, oktyabrda daha aşağı inflyasiya ola bilər. Çünki keçənilki 4,4 faizlik inflyasiya, məntiqsiz bir inflyasiya idi. Biz özümüz də monitorinq aparırıq. Yəni bu, təkcə proqnoz deyil, həm də monitorinqdir. Müqayisə üçün demək istəyirəm ki, iqtisadi strukturu bizə yaxın olan ölkələrdə - Qazaxıstanda 9 ayda inflyasiya 5 faiz, Rusiyada isə 8,6 faizdir. Artıq burada deyildi ki, bu günlərdə Rusiya hökuməti xüsusi bir iclas keçirib və antiinflyasiya tədbirlərini müzakirə edib. İl ərzində Rusiyada inflyasiya 12 faiz proqnozlaşdırılır və bu göstəricini hətta yerinə yetirmək istəyirlər.
Ölkəmizin valyuta ehtiyatları sürətlə artır. Strateji valyuta ehtiyatlarımız 2,2 milyard dollar səviyyəsinə yaxınlaşır və biz artıq ölkənin ümumi illik idxalına bərabər bir valyuta ehtiyatlarına yaxınlaşırıq.
Xarici ticarət saldosu 700 milyon dollar təşkil edib və ilin sonuna bu rəqəm, təbii ki, əhəmiyyətli dərəcədə artacaqdır.
Milli Bank valyuta ehtiyatlarının artmasından istifadə edərək Beynəlxalq Valyuta Fondu qarşısında olan öhdəliklərimizi azaldır. Bu öhdəliyin məbləği 1999-cu ildə 422 milyon dollar idi. Cənab Prezident, öz ehtiyatlarımız vasitəsilə biz onun 250 milyon dollarını qaytarmışıq. Qalan 169 milyon dolları illik cədvəl üzrə qaytarırıq. Bunlar uzunmüddətli və çox aşağı faizli vəsaitlərdir. Biz onların idarə olunmasından gəlir götürürük. Yəni bu məsələdə itirmirik. Cəmiyyətdə belə bir fikir var ki, bunun hamısını birdən qaytaraq. Buna ehtiyac yoxdur.
İLHAM ƏLİYEV: Belə fikirlər var ki, qaytaraq?
ELMAN RÜSTƏMOV: Bu pulların faizi çox aşağıdır, 1 faizə yaxındır. Bilirsiniz ki, dünya maliyyə bazarlarında faizlər qalxıbdır. Biz bu gün 3-4 faiz arası gəlir götürürük. Şəxsən mən bunu qaytarmağa ehtiyac duymuram. Düzdür, fiziki olaraq o bizə lazım deyil, amma ondan gəlir götürürük.
Çox yaxşı haldır ki, ölkədə 9 ay ərzində qiymətli kağızlar bazarı fəallaşıbdır. 9 ay ərzində bizdə daxili qiymətli kağızlar bazarının həcmi 7 dəfə artıbdır. Bu bazar həm Maliyyə Nazirliyinin buraxdığı dövlət qiymətli kağızlarının hesabına olmuşdur, həm də Milli Bankın antiinflyasiya tədbirləri olaraq pul kütləsini sterilizasiya etmək üçün buraxdığı notlar hesabına bu bazar inkişaf edir. Düzdür, bu bazarın həcmi hələ aşagıdır, amma bir institusional inkişaf olaraq bu bazarın formalaşması ölkədə aparılan iqtisadi siyasət və islahatlar üçün olduqca vacibdir.
Biz olduqca çevik pul siyasəti həyata keçirmək istəyirik. Bir tərəfdən artan iqtisadiyyat pula tələbat yaradır və biz bu pulu inkişaf məqsədləri üçün veririk. Bizdə pul bazası 9 ay ərzində təxminən 20 faizə qədər qalxıbdır. Digər tərəfdən, biz faiz dərəcələrini qaldırırıq. Digər tərəfdən, qiymətli kağızlar üzrə bazarda faiz dərəcəsi 12 faizə yaxındır. Buna görə də Milli Bank uçot dərəcəsini mərhələlərlə qaldırır və effektiv kurs siyasəti ilə birlikdə görülən bu tədbirlər ölkədə inflyasiya səviyyəsinin aşağı salınmasına və onun birrəqəmli səviyyəyə düşməsinə şərait yaradır.
Bank sistemi artıq son illərdə götürülmüş tempə uyğun olaraq inkişaf edir. Doqquz ay ərzində bank sistemində aktivlər 27 faiz artaraq, 2 milyard dolları keçib, yəni 10 trilyon manatdan yuxarıdır. Bankların məcmu kapitalı da 32 faiz artıbdır. Kredit qoyuluşları ilin əvvəli ilə müqayisədə 26 faizdən çox artıbdır. Yeni kreditlərin artımı 40 faizdən çox olubdur və 8 trilyon manatdan yuxarıdır. İqtisadiyyatın, demək olar, bütün sektorları - kənd təsərrüfatı (50 faiz), ev təsərrüfatları (36 faiz), inşaat (47 faiz) artan dinamika ilə kreditləşdirilir. Kreditlərin 82 faizdən çoxu özəl sektorun payına düşür. Bu onu göstərir ki, özəl sektor bizim iqtisadiyyatımızda hansı rol oynayır.
Cənab Prezident, kreditlərin keyfiyyət tərkibi yaxşılaşır. Elə bir dövr vardı ki, ölkədə kreditlərin ümumi portfelində vaxtı keçmiş kreditlər 70 faizdən yuxarı idı. 1994-1995-ci illərdə belə idi. Bu gün onların dərəcəsi cəmi 5 faizdir. Yəni bankların 5 faiz problemli kreditləri vardır.
Bankların fəaliyyətinin effektliyi artır. Onların kapitala görə götürdükləri gəlir artıq 20 faizə yaxınlaşıb və bu, beynəlxalq müqayisədə olduqca yaxşı göstəricidir.
Banklara inam yüksəkdir. Bu dövrdə depozit bazası da 24-25 faizə qədər artıbdır. Bu, imkan verir ki, banklar genişmiqyaslı ödənişlər həyata keçirsinlər.
Biz ölkədə çox geniş elektron ödəniş sistemi, infrastrukturu yaratmışıq. Mövcud problemlərə baxmayaraq, qeyri-nağd ödənişlər artır və 9 ay ərzində onun həcmi 18 faiz çoxalaraq 10 milyard dollara bərabər olubdur. Plastik kartların sayı 40 faiz artaraq 800 minə çatıbdır. Bu, olduqca yüksək göstəricilərdən biridir. Doqquz ay ərzində bankomatların sayı 2 dəfə artıbdır. Posterminalların sayı isə 40 faiz artaraq 1000-ə çatmışdır. Burada Fazil müəllim qeyd etdi, lakin biz hesab edirik ki, bu istiqamətdə daha qətiyyətli addım ata bilərik. Vaxtilə ümummilli liderimiz kassa aparatlarının tətbiqi ilə bağlı belə bir qətiyyətli addım atdı. Hesab edirəm və bir çox ölkələrin də təcrübəsi göstərir ki, biz bu məsələdə də qətiyyətli addım ataraq bunu cənab Prezidentin Fərmanı ilə həyata keçirməliyik. O cümlədən hesab edirəm ki, posterminallarla, bankomatlarla bərabər, kassa aparatlarından da istifadə səviyyəsi artmalıdır və biz qeyri-nağd pul dövriyyəsinin böyük bir hissəsini nağd pul dövriyyəsinə cəlb etməliyik.
Qısaca olaraq 2005-ci ilin sonunadək qarşımızda duran vəzifələr haqqında danışmaq istəyirəm. Ən başlıca vəzifələrimiz makroiqtisadi sabitlik və birrəqəmli inflyasiyaya nail olmaqdır. Burada hökumətlə, müvafiq iqtisadi qurumlarla əlaqələndirilmiş fəaliyyət həyata keçiririk və biz bu vəzifəni real hesab edirik. Bu gün ölkədə Milli Bank tərəfindən digər əlaqədar qurumlarla birlikdə bir neçə irimiqyaslı layihə həyata keçirilir. Təbii ki, denominasiyanın vaxtı yaxınlaşır. Oktyabrın 1-dən artıq qiymətlərin paralel göstərilməsi, hesab edirəm ki, effektli olmuşdur. Bu işə ciddi nəzarət vardır. Artıq əhali yeni qiymətlərə alışır və onları qəbul etməyə başlayır. Biz çox geniş təbliğat və təşviqat kampaniyası aparırıq. Düzdür, bugünkü siyasi ajiotajda bu, az nəzərə çarpır, yəqin ki, bir azdan sonra bu məsələni biz daha da gücləndirəcəyik.
Bildiyiniz kimi, 2006-cı ilin dövlət büdcəsinin sosial-iqtisadi inkişaf proqnozları yeni qiymətlər miqyasında denominasiya olunmuş manatla hazırlanıb təsdiq olunmuşdur. Artıq biz 9 ayın yekunlarına görə geniş hesabat hazırlayıb təqdim etmişik. Biz hesab edirik ki, denominasiya tədbirlərini səmərəli şəkildə həyata keçirə biləcəyik.
İpoteka kreditləşməsi mexanizminin yaradılmasına dair Sizin müvafiq Sərəncamlarınıza uyğun olaraq, işlər davam etdirilir. Biz artıq normativ bazanı yaradıb qurtarırıq. Gənclər, İdman və Turizm Nazirliyi ilə birlikdə ölkədə sosial ipoteka, yəni, ilk növbədə gənclərin, gənc ailələrin kreditləşdirilməsi mexanizminin yaradılması üzrə son məsləhətləşmələr artıq başa çatıb. Hesab edirəm ki, biz bu günlərdə tam şəkildə normativ sənədləri təqdim edə biləcəyik.
Bir neçə kəlmə də 2006-cı ilin vəzifələri haqqında. Gələn ilin çox irimiqyaslı proqramı vardır. Təbii ki, cənab Prezident, Siz giriş nitqinizdə dediniz, bizim qarşımızda çox mühüm vəzifələr durur. 70 faiz artan büdcə, 4 dəfəyə qədər investisiya artımı. Təbii ki, belə bir proqramı həyata keçirmək üçün qarşıda olduqca mühüm vəzifələr durur. Bu, asan bir iş deyildir. İqtisadiyyatda da, fiziki qanunlar kimi, o birləşmiş qablar qanununda olduğu kimi, əlaqə vardır. İqtisadiyyatın digər sektorlarına belə bir artım müəyyən tələblər irəli sürür. O cümlədən də humanitar sektora, inflyasiya səviyyəsinə dair olduqca düşünülmüş, sıx əlaqələndirilmiş proqram hazırlanır. Mən onun üzərində dayanmayacağam. Büdcənin tətbiqi haqqında verəcəyiniz Fərmanda bu tədbirlər öz əksini tapacaqdır və həmin tədbirlər sizinlə müzakirə olunacaqdır.
Sonda mən də həm komandanın üzvü, həm də bir Azərbaycan vətəndaşı kimi son dövrdə ölkədə baş verən ictimai-siyasi hadisələrə öz münasibətimi bildirmək istəyirəm. Artıq burada deyildi, 1993-1994-cü illərin hadisələri yaxşı yadımdadır. O vaxt Azərbaycan ümummilli liderimizin başçılığı altında yeni bir inkişaf mərhələsinə, bax bu günə gəlmək üçün artıq özünü cəmləşdirəndə beynəlxalq irtica, daxili irtica birləşdilər və buna mane olmağa çalışdılar. Onlar xalqın iradəsinə qarşı, Prezidentin iradəsinə qarşı, seçilmiş inkişaf kursuna qarşı çıxdılar və təbii ki, layiqli cavab aldılar. O adamların əksəriyyəti artıq tarixin səhnəsindən silinibdir. Lakin on il keçəndən sonra görünür, Azərbaycanın yeni bir inkişaf mərhələsinə keçdiyini, Azərbaycanın necə bir qüdrətli dövlətə çevrildiyini gözü götürməyən xainlər yenə də xəyanətkar əməllərini təkrar etməyə çalışdılar. Daxili irtica, radikal müxalifət, çox təəssüflər olsun, neçə illərdir bizimlə, necə deyərlər bir qatarda oturmuş, bu inkişaf proqramlarını müzakirə etmiş adamlar da irtica qüvvələrinə qoşulmuşlar. Düzü, mən həmin adamlar haqqında son bir neçə gündə həddindən artıq fikirləşmişəm. Onları bu yola nə vadar edib? Bu necə ola bilər? Bunun anatomiyası nədir? Sağlam məntiqlə, mənəvi dəyərlərlə, milli mentalitetimizlə izah olunan heç bir cavab tapa bilməmişəm. Belələrinin hərəkətlərinə satqınlıqdan başqa nə demək olar?! Onlar komandanı satıblar. Onlar dövlətə qarşı çıxıblar. Amma, cənab Prezident, yaxşı cəhət odur ki, xalqımız Heydər Əliyevin dəst-xəttini bir daha gördü. Bu dəst-xətt ondan ibarət idi ki, ulu öndərimizdən ötrü milli dövlətçilikdən, onun toxunulmazlığından müqəddəs bir şey yox idi. Onun üçün ən müqəddəs amal bu idi və bu amala qarşı qalxmış hər bir əli, hər bir qüvvəni dəf etməyə hazır idi. Xalqımız gördü ki, bu dəst-xətt davam etdirilir. Bədnam qüvvələrə qarşı, möhtərəm Prezident, Sizin siyasi iradəniz, sizin cəsarətiniz dayanıbdır. Çox qısaca müddətdə, bir neçə saat ərzində bu problemlər həll olundu. Biz xainlərin əməllərini qətiyyətlə pisləyirik. Məmurların, şəxsi fikrim belədir ki, siyasətbazlıqla məşğul olmaları həddindən artıq iyrənc bir işdir. Bizim məşğul olacağımız siyasət iqtisadi və sosial siyasətdir və siyasət vasitəsilə Prezidentin həyata keçirdiyi siyasi xəttə dəstək verməkdir.
Ölkənin bank sistemi - on ildə formalaşmış siyasi-iqtisadi sabitlikdən bəhrələnmiş bank sistemi ölkədə ictimai-siyasi sabitliyə olduqca həssasdır. Ona görə də bizim sektorda çalışanlar bu hadisələri qətiyyətlə pisləyirlər.
Cənab Prezident, biz xainlərin əməllərini qətiyyətlə pisləyirik. Biz Sizi qətiyyətlə dəstəkləyirik.
Cənab Prezident, Sizi öz adımdan, kollektivimiz adından müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Üzərinizə götürdüyünüz taleyüklü məsələləri, ölkənin siyasi, iqtisadi inkişafı yolunda gördüyünüz işlərdə, ümummilli lider Heydər Əliyev siyasi xəttinin davam etdirilməsi yolunda Sizə müvəffəqiyyətlər arzulayıram.
Sağ olun. X X X
Çıxış üçün söz “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə verildi.