Milli Kitabxanada 10 günlük kurslar təşkil edilib
Bakı, 6 iyul, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin tapşırığı ilə regionlarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramının tətbiqi ilə bağlı iyulun 6-dan etibarən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 10 günlük kurslar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, qeyd olunan proqramla bağlı müvafiq kursların açılış mərasiminin keçirildiyi Milli Kitabxanada, kitabxananın direktoru, professor Kərim Tahirov, direktor müavini Elçin Musayev, kitabxananın digər əməkdaşları, Ultra şirkətinin mütəxəssisi Sərxan Məmmədov və treninqdə iştirak edən Salyan, Neftçala, Şirvan, Hacıqabul, Biləsuvar, Saatlı və Sabirabad rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən mütəxəssislər iştirak ediblər.
Kitabxananın direktoru K.Tahirov regionlarda tətbiq ediləcək ALİSA proqramında işləmək üçün həm MARC 21 formatının öyrənilməsi, həm də ALİSA-da iş vərdişlərinin mənimsənilməsinin əhəmiyyətindən söz açıb.
Qeyd olunub ki, treninq çərçivəsində iştirakçılar Milli Kitabxanada gedən proseslərlə yaxından tanış olmaqla yanaşı, yeni xidmət növləri barədə məlumat əldə edəcəklər. Sonda treninqi mükəmməl başa vuranlara sertifikatlar təqdim ediləcək.
Ultra şirkətinin təmsilçisi Sərxan Məmmədov şirkətin 2 əməkdaşının ALİSA barədə ətraflı məlumat verəcəyi ilə yanaşı, iş prinsiplərinin öyrədilməsi, hər bir rayona test rejimində parol və loqin veriləcəyini diqqətə çatdırıb. O, həmçinin müdavimləri iş prosesində fəal olmağa, qarşıya çıxan çətinliklərlə bağlı trenerlərə suallar verməyə və mövcud problemləri yerindəcə soruşmağa çağırıb.
Qeyd edək ki, gələcəkdə bu sistemin tətbiqi nəticəsində Milli Kitabxanada vahid məlumat bazasının yaradılması və kitabxananın xidmətlərindən onlayn şəkildə bütün rayon və şəhər MKS-nin oxucularının yararlanması mümkün olacaq.