MİLLİ KİTABXANANIN SAYTININ VƏ ELEKTRON KATALOQUNUN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Kitabxananın direktoru Kərim Tahirov saytın və elektron kataloqun yaradılmasına görə Mədəniyyət və Turizm Nazirliyinə kollektivin üzvləri və 34 min oxucu adından minnətdarlığını bildirmişdir.
Sonra kitabxananın www.anl.az ünvanlı internet saytı, elektron kataloqu nümayiş olunmuşdur.
Elektron kataloqu ABŞ-ın VTL S-VİRTUA proqramı əsasında, MARC 21 formatında hazırlanmışdır. Bu proqram Beynəlxalq Kitabxana Təşkilatları (İFLA, CENL) tərəfindən tövsiyə olunan və çox yayılan altı proqramdan biridir. Bu sistem vasitəsilə elektron kataloqun tərtibi, elektron kitabxananın təşkili, oxucuların qeydiyyatı, kitab verilişi, kitab fondunun komplektləşdirilməsi, milli biblioqrafiyanın tərtibi və toplu kataloqun yaradılması işi həyata keçiriləcəkdir.
Azərbaycan Milli Kitabxanası ABŞ-ın Konqres Kitabxanası və Rusiya Milli Kitabxanası ilə informasiya mübadiləsi barədə razılıq əldə etmişdir. Bununla da oxucular həmin kitabxanaların fondlarından istifadə edə biləcəklər.
Tədbirdə yeni yaradılan elektron kitabxana haqqında da ətraflı məlumat verilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır ki, yaxın iki ildə Bakının və digər rayonların mərkəzi kitabxanalarında kompyuterləşdirmə və avtomatlaşdırma işləri görüləcəkdir. Nazir yeni texnologiyalardan, kompyuter texnikasından baş çıxaran müasir kitabxanaçı kadrların yetişdirilməsinin vacibliyini də vurğulamışdır.