MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Parlamentin sədri Azərbaycan ilə Böyük Britaniya arasındakı dostluq əlaqələrinin tarixindən danışmış, ölkəmizin bu əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan Prezidentinin 2004-cü il dekabrın 13-də Böyük Britaniyaya rəsmi səfəri zamanı aparılan danışıqlar, imzalanmış sənədlər əlaqələrimizin inkişafı üçün hüquqi baza yaratmışdır. Biz bu imkandan istifadə edərək əlaqələrimizi hərtərəfli inkişaf etdirməliyik. İngiltərənin neft şirkətlərinin, nüfuzlu iş adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə qoyması, irimiqyaslı layihələrdə iştirakı ölkəmizdə yüksək qiymətləndirilir.
Sonra Milli Məclisin sədri may ayında keçiriləcək təkrar seçkilərə hazırlıqdan, parlamentlərarası əlaqələrin inkişafının zəruriliyindən danışmışdır.
Səfir Lorens Bristoun Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə təbrik etmişdir. Diplomat ölkələrimiz arasında əlaqələrin inkişaf səviyyəsindən razılığını ifadə etmişdir. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Böyük Britaniyaya rəsmi səfəri əlaqələrimizin inkişafında yeni mərhələ açmışdır. Böyük Britaniyanın neft şirkətlərinin, iş adamlarının Azərbaycan iqtisadiyyatına marağı artmışdır. İndi onlar sərmayələrin həcminin artırılması yolları barədə düşünürlər.
Diplomat parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışmış və qanunverici orqanlar arasında münasibətlərin genişlənməsinin zəruriliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılmışdır.