MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, parlamentin sədri Türkiyə nümayəndə heyətinin Azərbaycana səfərindən, Milli Məclisdə görüşdən məmnunluğunu vurğulamışdır.
Azərbaycanı ikinci vətən hesab etdiklərini bildirən Akkan Suver Vəqfin nümayəndə heyətinin 2005-ci il noyabrın 6-da Azərbaycanda parlament seçkilərini yaxından müşahidə etdiyini xatırladaraq demişdir ki, seçkilər demokratik, şəffaf və aşkarlıq şəraitində keçirilmişdir.
Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan parlament nümayəndə heyətinin Türkiyəyə rəsmi səfərini yada salan qonaq bildirmişdir ki, bu səfər Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılmışdır. Yeni parlamentin sədrinin ilk səfərini Türkiyədən başlaması ölkə rəhbərliyi və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Akkan Suver Xocalı soyqırımının ildönümü ilə bağlı Milli Məclis deputatlarının iştirakı ilə Türkiyədə də bir sıra tədbirlər keçirildiyini, dövlət televiziyası ilə saatyarımlıq verilişin təşkil olunduğunu bildirərək demişdir ki, Xocalı faciəsi barədə həqiqətlər bütün dünyaya çatdırılmalıdır.
Oqtay Əsədov bu ilin may ayında on dairədə Milli Məclisə təkrar seçkilər keçiriləcəyini və bu seçkilərə beynəlxalq təşkilatları və xarici ölkələri təmsil edən müşahidəçilərin dəvət ediləcəyini xatırlatmışdır. Parlamentin sədri demişdir ki, bu seçkilərin də yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan rəhbərliyi tərəfindən lazımi tədbirlər görüləcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə də fikir mübadiləsi olmuşdur.