MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Bakıda səfərdə olan Böyük Britaniya parlamenti icmalar palatasının üzvü Çon MakUilyan Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvləri ilə görüşmüşdür.
Səmimilik və dostluq şəraitidə keçən görüşdə Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov Azərbaycanla Böyük Britaniya arasında parlamentlərarası əlaqələrin inkişafı məsələsindən ətraflı danışdı. O, ölkədə hərbi quruculuq üçün qanunvericilik bazasının yaradılması ilə məşğul olan və Hesablama Palatası vasitəsilə hərbi büdcənin yerinə yetirilməsinə nəzarət edən komissiyanın fəaliyyəti barədə məlumat verdi. Milli Məclis sədrinin müavini dedi ki, ölkəmizdə ordunun NATO standartlarına uyğunlaşdırılması sahəsində böyük iş görülür.
Ziyafət Əsgərov sonra Dağlıq Qarabağla bağlı münaqişə üzərində dayanaraq, Azərbaycan ordusunun işğal edilmiş əraziləri istənilən vaxt azad etməyə hazır olduğunu bildirdi. O vurğuladı ki, NATO-nun Parlament Assambleyası çərçivəsində Böyük Britaniya parlamentinin üzvləri ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri ətraflı müzakirə edilmişdir. “Bütün Avropa ölkələri parlamentlərinin nümayəndələri Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyirlər. Təəssüf ki, Avropa ölkələrinin hökumətləri yalnız qaçqınlara humanitar yardım göstərməklə kifayətlənirlər”.
Con MakUilyam Britaniya parlamentinin hərbi qanunvericlik yaradılması sahəsində fəaliyyəti üzərində ətraflı dayandı. O bildirdi ki, Britaniya parlamentinin üzvləri Azərbaycanın NATO Parlament Assambleyasına assosiativ üzvlüyü məsələsinin müzakirəsində ölkəmizə kömək göstərəcəklər.