MİLLİ MƏCLİSDƏ QƏBUL
Yanvarın 23-də Milli Məclisin sədri Murtuz Ələsgərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Əbdülvahid Musəvi-Larini və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq bildirdi ki, İran İslam Respublikası ilə münasibətlərin möhkəmləndirilməsi və inkişafı Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan ölkələrimizin hökumət qurumları nümayəndələrinin görüşləri böyük əhəmiyyət kəsb edir.
Milli Məclisin sədri nəzərə çarpdırdı ki, Əbdülvahid Musəvi-Lari ilə Azərbaycanın milli təhlükəsizlik və daxili işlər nazirləri arasındakı danışıqlar ölkələrimizin mənafelərinə uyğundur. O, danışıqlar zamanı imzalanmış memorandumu yüksək qiymətləndirdi. Bu sənəd narkotik maddələrin qeyri-qanuni dövriyyəsi və qaçaqmalçılıq ilə mübarizədə İranın və Azərbaycanın müvafiq orqanlarının daha səmərəli əməkdaşlığına imkan yaradır.
Iranın daxili işlər naziri səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək dedi ki, ölkələrimiz arasında əlaqələri genişləndirmək üçün böyük imkanlar var. Bu münasibətlər Iran və Azərbaycan xalqlarının din, mədəniyyət və ənənələrinin ümumiliyinə əsaslanan varisliklə səciyyələnir. Əbdülvahid Musəvi-Lari vurğuladı ki, ayrı-ayrı hökumət qurumları rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli münasibətləri yeni, keyfiyyətcə yüksək səviyyəyə qaldırmağa imkan verir.
Sonra Azərbaycan-İran münasibətlərinin perspektivlərinə dair bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.
Qəbulda Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov, İranın Bakıdakı səfiri Əhəd Qəzai iştirak edirdilər.