MİLLİ MƏCLİSDƏ QƏBUL
Oktyabrın 8-də Milli Məclisin sədri Murtuz Ələsgərov Avropa Birliyi Siyasi direktor üçlüyünün nümayəndə heyətini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq bildirdi ki, onların səfəri Avropa Birliyi ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq haqqında 1999-cu ildə imzalanmış sazişlə əsası qoyulmuş Avropa Birliyi- Azərbaycan münasibətlərinin inkişafına kömək edəcəkdir. Qısa müddət ərzində Azərbaycan ilə Avropa Birliyi arasında parlament əlaqələri də yaradılmışdır.
Avropa birliyi ilə Cənubi Qafqaz ölkələri arasında münasibətləri tənzimləyən xüsusi Komitə əlaqələrin intensivləşməsində böyük rol oynamışdır. Komitənin 2000-ci ildə keçirilmiş birinci iclasında Avropa Parlamentinin üzvləri ilə Milli Məclisin nümayəndə heyəti arasında mühüm görüşlər və faydalı fikir mübadiləsi olmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəqli, Avropa Birliyinin ölkəmizə texniki köməyi, qaçqınlara yardım məsələləri müzakirə edilmişdir. Komitənin 2001-ci ildə Bakıda keçirilmiş ikinci iclası da əlaqələrin genişlənməsində mühüm mərhələ olmuşdur. 2002-ci ilin fevralında Brüsseldə keçirilmiş sonuncu, üçüncü iclas zamanı Azərbaycanın Avropa Birliyinin tövsiyələrinə əməl etməsi məsələləri nəzərdən keçirilmişdir.
Murtuz Ələsgərov Avropa Birliyi ilə Azərbaycanın parlamentlərarası münasibətlərini yüksək qiymətləndirərək, Avropa Parlamentinin zəngin qanunvericilik təcrübəsindən Milli Məclisdə istifadə edilməsinin zəruriliyini vurğuladı.
Danimarka Xarici İşlər Nazirliyinin siyasi direktoru Mixael Zilmer-Cons səmimi qəbula görə təşəkkürünü bildirərək dedi ki, Avropa Birliyi Azərbaycana böyük maraq göstərir. O, yeni əməkdaşlıq sahələri tapmaq, əlaqələri möhkəmləndirmək istəyən Xarici İşlər Nazirləri Şurasının və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq Komitəsinin rolunu xüsusi vurğuladı.
Qonaq nəzərə çarpdırdı ki, bu ilin dekabrında dövlət və hökumət başçılarının zirvə görüşü keçiriləcəkdir. Görüş zamanı Avropa Birliyi üzvlərinin sayını artırmaq nəzərdə tutulur. O, əmin olduğunu bildirdi ki, bu mötəbər təşkilatın nüfuz dairəsinin artması regional münaqişələrin həllinə kömək edəcəkdir.
Mixael Zilmer-Cons Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasını yüksək qiymətləndirdi, Bakıda keçiridiyi görüşlər barədə də məlumat verdi.
Qəbulda Yunanıstanın Bakıdakı səfiri Merkurios Karafotias iştirak edirdi.