MİLLİ MƏCLİSDƏ QƏBUL
Oktyabrın 9-da Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə Dünya Bankının nümayəndələri Jülian Lampetini və Aleksandr Markı qəbul etmişdir.
Arif Rəhimzadə bildirdi ki, müstəqil Azərbaycan beynəlxalq təşkilatlarla və maliyyə qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Demokratiya və bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olunması yolu ilə gedən respublikamızda həyatın müxtəlif sahələrində islahatlar aparılır. Bu islahatların hüquqi bazasının yaradılması üçün ölkə parlamentində əhəmiyyətli işlər görülmüşdür. Azərbaycanda ilk dəfə olaraq bələdiyyələr yaradılmış və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin hüquqi cəhətdən tənzimlənməsi üçün qanunlar qəbul edilmişdir. Bu sahədə ölkəmiz dünya dövlətlərinin təcrübəsinin öyrənilməsinə böyük maraq göstərir. Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün beynəlxalq təşkilatların və maliyyə qurumlarının texniki yardımına ehtiyac var və Azərbaycan Dünya Bankının bu sahədəki təşəbbüsünü yüksək qiymətləndirir.
Cənab Julian Lampeti təmsil etdiyi maliyyə qurumunun respublikanın bir sıra bölgələrində bələdiyyələrə yardım etmək niyyətində olduğunu bildirdi. O dedi ki, bundan məqsəd bələdiyyələrin mövcud olduğu ərazilərdə yeni infrastrukturun yaradılması, yerli özünüidarəetmədə qabaqcıl təcrübənin tətbiqidir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də fikir mübadiləsi aparılmışdır.